“Boeing” rübü 6 milyard dollar zərərlə başa vurdu | Banco.az

“Boeing” rübü 6 milyard dollar zərərlə başa vurdu

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın “Boeing” aerokosmik korporasiyası üçüncü rübün nəticələrini açıqlayıb.

Banco.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Məlumata görə, şirkətin gəliri 1% azalaraq 17,8 milyard dollar təşkil edib. Eyni zamanda, itki demək olar ki, dörd dəfə artaraq 6,2 milyard dollara çatıb. Şirkətin səhmləri isə 3,3% ucuzlaşıb.

Rüb ərzində “Boeing” 116 təyyarə tədarük edib ki, bu da bir il əvvəlkindən 10% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Boeing” artıq uzun illərdir ki, ciddi böhran içindədir. Bu, əsasən 2018 və 2019-cu illərdə sərnişin təyyarələrinin iki qəzasından sonra başlayıb. 

Bu il isə  şirkət yeni təhlükəsizlik qalmaqalları və araşdırmaların mərkəzində olub. Böhran ABŞ-də bir aydan çox davam edən 33 min işçinin tətili ilə daha da ağırlaşıb.

Son 6 ildə şirkətin ümumi itkiləri 33 milyard dolları keçib. Ötən həftə “Boeing” tənzimləyicilərə səhmlərinin satışı, borc öhdəlikləri və maliyyə problemlərini həll etmək üçün kreditlər hesabına ümumilikdə 25 milyard dollar toplamaq niyyətində olduğunu bildirib.