Müəllif:Ayşən İmanova/Banco.az
“Boeing” korporasiyasının yeni baş direktoru Kelli Ortberq təyyarə istehsalını azaltmaqla şirkətdəki böhranı dayandırmaq qərarına gəlib.
Banco.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Məqalədə qeyd olunur ki, “Boeing” əsas olmayan və ya səmərəsiz aktivlərin satışını istisna etmir. Şirkət rəhbərliyi artıq hər bir bölməsinin vəziyyəti ilə bağlı hesabatları təhlil edib və yekun qərarını verib. Qeyd olunur ki, keçən həftə şirkət ABŞ ordusu üçün avadanlıq istehsal edən kiçik müdafiə törəmə müəssisəsini satmaq barədə razılığa gəlib.
Nəşrin məlumatına görə, “Boeing”dəki problemlər bütün sənayeni əhatə edir. Payızın əvvəlində şirkət 737, 767 və 777 təyyarələri üçün sifarişlərin azaldılması barədə xəbərdarlıq etmişdi. Bu səbəbdən füzelaj istehsalçısı “Spirit AeroSystems” 700 işçini ixtisar etməyi planlaşdırır.