BMW şirkətinin xalis mənfəəti kəskin azalıb | Banco.az

BMW şirkətinin xalis mənfəəti kəskin azalıb

BMW-nin  2024-cü ildə xalis mənfəəti 2023-cü illə müqayisədə 36,9% azalaraq 7,7 milyard avroya çatıb.

Banco.az xəbər verir ki, avtomobil nəhənginin gəlirlərinin ən böyük payı (42,7%) Avropa bazarından, ikinci və üçüncü yerdə Asiya (32,7%) və Şimali və Cənubi Amerika (22,4%) olub.

Dünyanın qalan regionları ümumi gəlirin 2,2%-ni təşkil edir. Mütləq rəqəmlərlə ümumi gəlir 142,4 milyard avro təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 8,4% azdır.

Müştərilərə nəqliyyat vasitələrinin tədarük həcmi də azalıb: 2024-cü ildə BMW 2,5 milyondan az, 2023-cü ildə isə 2,6 milyon avtomobil tədarük edib.

Dünya ölkələri arasında BMW üçün ən böyük avtomobil bazarı Çin (satışın 29,2%), ABŞ ikinci (16,3%), Almaniya isə üçüncü yerdədir (10,8%). Şirkət həmçinin Britaniya (6,9%), Cənubi Koreya (3,5%), Fransa (3,4%) və İtaliyada (3,3%) əhəmiyyətli satış həcminə nail olub.

Fevral ayında Almaniyanın İfo İqtisadi Araşdırmalar İnstitutu bəyanat yayaraq, Almaniyanın avtomobil sənayesinin böhran vəziyyətində olduğunu və sənayenin biznes mühiti indeksinin son 5 ilin ən aşağı dəyərinə (mənfi 40,7 bal) çatdığını bildirib. Qeyd olunub ki, alman avtomobil konserni həm daxili bazarda, həm də xaricdə öz mövqelərini xeyli itirib. Ifo ekspertlərinin fikrincə, bunun səbəbi Çinin sərt rəqabəti, ABŞ prezidenti Donald Trampın Aİ-dən idxala gömrük rüsumları tətbiq etməklə hədələməsi və daxili iqtisadi problemlərdir.