Müəllif:Mehin Qasımova,Banco.az
Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edib ki, ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə ilin ortalarına qədər davam edərsə, əlavə 45 milyon insan şiddətli aclıqla üzləşə bilər.
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (ÜƏP) bildirib ki, strateji əhəmiyyətə malik Hörmüz boğazının tam bağlanması və Qırmızı dənizdə gəmiçiliyin risk altında olması enerji, yanacaq və gübrə qiymətlərinin artmasına səbəb olub.
Banco.az xəbər verir ki, qurumun açıqlamasına görə, bu vəziyyət Yaxın Şərqdən kənarda da ciddi nəticələr doğurur və qlobal ərzaq təhlükəsizliyini təhdid edir. Bu göstəricinin Rusiyanın 2022-ci ildə Ukraynaya hücumundan sonra müşahidə olunan səviyyəni aşacağı ehtimal edilir.
Ümumdünya Ərzaq Proqramının baş direktorunun müavini və əməliyyat direktoru Karl Skau bildirib ki, münaqişənin davam etməsi qlobal miqyasda ciddi təsirlər yaradacaq:
“Əgər bu münaqişə uzanarsa, onun şok dalğaları bütün dünyaya yayılacaq və onsuz da növbəti yeməyini təmin etməkdə çətinlik çəkən ailələr bundan ən çox zərər görəcək”.
ÜƏP qeyd edib ki, enerji və ərzaq bazarları bir-biri ilə sıx bağlıdır və Körfəz bölgəsində dəniz nəqliyyatının pozulması xüsusilə həssas ölkələrə ağır təsir edir. Sudan və Somali kimi ölkələrdə artıq əsas ərzaq məhsullarının qiymətlərində kəskin artım müşahidə olunur.
Qurumun məlumatına görə, qida və yanacaq idxalından yüksək asılılığı olan Afrika və Asiya ölkələri bu böhranın təsirlərini daha dərindən hiss edəcək. Hesablamalara əsasən, həmin regionlarda ərzaq təhlükəsizliyi problemi yaşayan insanların sayının təxminən 20 faiz artacağı gözlənilir.
