Müəllif:Mehin Qasımova,Banco.az
Dünyada hər həftə 1 milyarddan çox insan ChatGPT, Claude və Gemini kimi danışıq əsaslı süni intellekt sistemlərindən istifadə edir.
Banco.az xəbər verir ki, bunu BMT-nin Süni İntellekt üzrə Müstəqil Beynəlxalq Elmi Panelinin ilkin hesabatı göstərir.
Hesabatda qeyd olunur ki, süni intellekt texnologiyalarının tətbiqi bütün ölkələrdə və iqtisadiyyatın müxtəlif sahələrində sürətlə artsa da, bu proses son dərəcə qeyri-bərabər şəkildə gedir.
Sənədə əsasən, Qlobal Cənub ölkələri süni intellekt texnologiyalarını Qlobal Şimal ölkələri ilə müqayisədə xeyli yavaş mənimsəyir. Ekspertlər bildirirlər ki, hətta inkişaf etmiş iqtisadiyyatlar arasında belə hesablama infrastrukturu və qabaqcıl süni intellekt modellərinə çıxış baxımından ciddi fərqlər mövcuddur. Bu vəziyyət mövcud sosial və iqtisadi bərabərsizlikləri daha da dərinləşdirə bilər.
Hesabatda vurğulanır ki, süni intellektin inkişafı hazırda məhdud sayda ölkə və şirkətin nəzarətindədir. Belə ki, süni intellekt məhsullarının hazırlanmasında istifadə olunan dünyanın ən güclü 500 superkompüterinin ümumi hesablama gücünün təxminən 75 faizi ABŞ-ın, 15 faizi isə Çinin payına düşür. Bundan əlavə, aparıcı ümumi təyinatlı süni intellekt modellərinin böyük əksəriyyəti də məhz bu iki ölkədə fəaliyyət göstərən şirkətlər tərəfindən hazırlanır.
Qeyd edək ki, BMT-nin Süni İntellekt üzrə Müstəqil Beynəlxalq Elmi Paneli BMT Baş Assambleyasının 26 avqust 2025-ci il tarixli 79/325 nömrəli qətnaməsinə əsasən yaradılıb. Panel BMT-nin beş regional qrupunu təmsil edən 40 müstəqil alim və ekspertdən ibarətdir. Onun əsas məqsədi süni intellektin inkişafının yaratdığı imkanları, riskləri və qlobal təsirlərini elmi əsaslarla qiymətləndirməkdir.
