“Biznesin 50 ən nüfuzlu qadını” siyahısında yer alan səriştəsiz lider | Banco.az

“Biznesin 50 ən nüfuzlu qadını” siyahısında yer alan səriştəsiz lider

Kerol Barts 1948-ci ilin avqust ayının 29-da ABŞ-ın Minnesota ştatının Uinone şəhərində anadan olub. Onun 8 yaşı olarkən anası vəfat edir. 

Kerol və kiçik qardaşı Viskonsin ştatının Elma şəhərinə gələrək baba və nənəsinin himayəsi altında yaşayırlar. 

O, orta məktəbi və kolleci bitirdikdən sonra Viskonsin Universitetinə daxil olur və uşaqlıqdan çox sevdiyi riyaziyyat ixtisas istiqaməti üzrə təhsil alır. 

1971-ci ildə universiteti bitirərək kompyuter elmləri sahəsində bakalavr pilləsinə yiyələnir. Qeyd edək ki, Barts hələ kollecdə oxuyarkən maddi imkansızlıq səbəbindən ofisiant işləməyə başlayıb. 

Kerol Barts müxtəlif dövrlərdə “3M” holdinqində, “Digital Equipment Corporation” və “Sun Microsystems” şirkətlərində fəaliyyət göstərib, “Cisco Systems” və “İntel” Direktorlar Şurasının üzvü olub. 

O, 1992-ci ildən 2006-cı ilədək - 14 il ərzində “Autodesk” şirkətinin Direktorlar Şurasının sədri, şirkətin icraçı direktoru və prezidenti kimi fəaliyyətini davam etdirib. 

Həmin dövrdə “Autodesk” fantastik nəticələrə nail olub və İT sahəsində liderlər sırasında qərar tutub. 1992-ci ildə 285 milyon dollar gəliri olan şirkət 2006-cı ili 1,523 milyard gəlirlə başa vurub. 

2009-cu ilin 13 yanvarında “Yahoo”-nun icraçı direktoru təyin olunandan sonra şirkət internetdə axtarış sahəsində “Microsoft” ilə uzunmüddətli əməkdaşlıq barədə anlaşma sazişi imzalamağa müvəffəq olub. 

Saziş çərçivəsində “Microsoft” 10 il müddətinə “Yahoo”-nun bütün axtarış texnologiyalarına eksklüziv lisenziya əldə edib. 

“Microsoft”un yeni axtarış servisi olan “Bing” isə “Yahoo”-nun bütün saytlarında istifadə olunur. Bu zaman “Yahoo” bunun əvəzinə hər iki şirkətin resurslarında əsas reklam verənlərə axtarış reklamı satmaq imkanı əldə edir. 

Analitiklər bu sazişi 1,5 il bundan əvvəlki vəziyyətin solğun təsviri adlandırırdılar. Çünki həmin vaxt “Microsoft” “Yahoo”-nun əldə olunması üçün 47,5 milyard ABŞ dolları təklif etmişdi. 

Lakin “Yahoo”-nun əvvəlki icraçı direktoru Cerri Yanq buna razılıq verməmişdi. Hazırkı razılaşma isə “Google” ilə mübarizə üçün bağlanılmış tərəfdar sazişidir. 

Bu sazişin bağlanmasına baxmayaraq “Yahoo” əvvəlki mövqeyini bərpa edə bilmədi. Hazırda şirkət həm təklif olunan xidmətlərdə, həm də keyfiyyətli və operativ fəaliyyətinə görə “Google” şirkətinə uduzub. 

Şirkətin fəaliyyətində kəskin şəkildə geriləmə müşahidə olunduğuna görə bir neçə gün bundan əvvəl Barts vəzifəsindən kənarlaşdırılıb. 

O, “Fortune” jurnalına müsahibə verərək bildirib ki, Direktorlar Şurasının sədri Roy Bostoka bir mövzu ilə əlaqədar özü zəng edib. 

O, dəstəyi götürən kimi Bartsın işdən çıxarılması ilə əlaqədar hazırlanmış sənədi oxuyub. Telefon söhbətindən sonra Bartsa iki saat vaxt veriblər ki, ya özü könüllü şəkildə istefa verməlidir, ya da Direktorlar Şurasının qərarı ilə qovulacaq.

Onu da qeyd etmək lazımdır ki, cari ilin ikinci rübündə “Yahoo” şirkətinin ümumi qazancı illik hesablama üzrə 23% azalaraq 1,22 milyard dollar təşkil edib. 

“Yahoo” nümayəndələri bildiriblər ki, real qazanc 1,07 milyard dollar təşkil edib. Bu da keçən ilin ikinci rübü üzrə göstəricidən 5% aşağıdır. 

Həmin vaxt Kerol Barts yaranmış vəziyyətin səbəbini şirkətin reklamlarına olan tələbatın azalmasında görərək bildirmişdi: “Biz gəlirin azalması ilə rastlaşdıq. 

Söhbət 2011-ci ilin ikinci rübündəki göstəricilərdən gedir. Bu vəziyyət bizim şirkətimizin strukturunun yenidən təşkil edilməsinə səbəb oldu, amma bu, reklam biznesinin kəskin artmasına gətirib çıxaracaq”. 

Lakin vəziyyət Bartsın istədiyi kimi müsbət istiqamətə dəyişmədi. Bu da onun “Yahoo”-dan uzaqlaşdırılması ilə nəticələndi. Barts Nyu-Cersi Texniki İnstitutunun, Vuster Politexnik İnstitutunun və Uilyam Vuds Universitetinin fəxri doktoru seçilib. 

“Fortune” jurnalının tərtib etdiyi “biznesin 50 ən nüfuzlu qadını” siyahısında yer alıb. Əsas hobbiləri qolf, tennis və bağçılıqdır. 

Ən sərfəli kredit üçün müraciət et

ictnews.az