“Biznes islahatları” mövzusunda seminar keçirilib | Banco.az

“Biznes islahatları” mövzusunda seminar keçirilib

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə birlikdə “Biznes islahatları” mövzusunda seminar keçirib.   Birgə seminarın təşkil olunmasında məqsəd, Azərbaycan Respublikası Prezidentinin biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatların sahibkarlara birbaşa çatdırılmasıdır. 

Seminarda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev çıxış edərək bildirib ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən milli inkişaf prioritetləri düzgün müəyyənləşdirilərək, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi istiqamətində səfərbər edilib. Ötən illərdə keçid dövrünü geridə qoyan respublikanın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub: “Son illərdə ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırılmış, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salınmış, ölkədə bəzi məhsullara ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilmişdir. Bu baxımdan ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzindədir. Sahibkarlıq subyektləri üçün yoxlamaların 2021-ci ilədək dayandırılması öz müsbət nəticələrini verməkdədir. Bu gün keçirilən seminarın da əsas məqsədi cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatların sahibkarlara birbaşa çatdırılması, onların aparılan islahatlarda rolunun müzakirəsi ilə bağlıdır. Mən, sahibkarları seminarda aktiv olmağa, təkliflərlə çıxış etməyə səsləyirəm. Ümidvaram ki, seminar ölkəmizdə aparılan iqtisadi islahatların icrasına töhfə verəcəkdir.”

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində biznes mühitinin yaxşılaşdırılması, infrastrukturun təkmilləşdirilməsi, dövlət dəstəyi, makroiqtisadi və ictimai-siyasi sabitlik sahibkarlığın inkişafına xidmət edir: “Hazırda aparılan vergi və gömrük sahəsindəki islahatlar, şəffaflıq, hesabatlılıq, rəqəmsallaşma, nağdsız dövriyyənin genişlənməsi və “Doing Business” islahatları sahibkarların xərclərini və prosedurları azaldır, onları daha rəqabətə davamlı edir. Struktur islahatları isə iqtisadiyyatın məhz özəl sektorun liderliyilə inkişafına hesablanıb. Bank sektorundakı yüksək likvidliyin (7,1 mlrd. manat və ya aktivlərin 25%-i) real sektorun inkişafına yönəldilməsi üçün özəl sektor daha da fəal olmalıdır.”

 V.Qasımlı daha sonra bildirib ki, Prezident İlham Əliyev tərəfindən iqtisadi islahatların və sosial proqramların düzgün olaraq sinxronlaşdırılması nəticədə insan amilinə xidmət edir.

     “Biznes islahatları” mövzusunda seminar panellər üzrə aparılıb. Seminar zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, “Azərişıq” ASC və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri iştirakçılar üçün təqdimatlar ediblər. Onlayn Vahid İxrac Ərizəsi, sərhəddə ticarət, məhkəmə sistemi, tikinti obyektinin tikintisinə və istismarına icazələrin verilməsi, elektrik təchizatı şəbəkələrinə qoşulma, biznesə başlama, dövlət satınalmaları sahələrində aparılmış iqtisadi islahatlar vizual infoqrafiklər vasitəsi ilə sahibkarlara bir daha izah olunub.

Ən sərfəli kredit üçün müraciət et

 Seminar zamanı bildirilib ki, dövlət satınalmalarının vahid internet portalı ölkədə elektron satınalma modelinə keçidin təmin edilməsi və nəticə etibarı ilə, təkmilləşdirilmiş nəzarət mexanizminin formalaşdırılması, hökumətin satınalma planları, tenderdə iştirak imkanları, müqavilələrin bağlanması ilə bağlı məlumatların cəmiyyətin bütün üzvləri üçün əlçatan olması imkanı yaradıb.

Bundan başqa həyata keçirilən islahat tədbirləri nəticəsində tikinti obyektinin tikintisi və istismarına icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə prosedurların azalması, müvafiq dövlət qurumları arasında inteqrasiya və elektron məlumat mübadiləsinin təşkil edilməsi ilə tələb olunan günlərin sayının azalması, operativlik və şəffaflığın təmin olunması diqqətə çatdırılıb.

   Həmçinin, məhkəmə prosedurlarının tənzimlənməsi standartları daha da sadələşdirilib. Bundan əlavə, “Yaşıl Dəhliz” buraxılış sisteminin tətbiqi nəticəsində xarici ticarət əməliyyatları sürətlənəcək. Azərbaycan ixracatçılarının vaxt və xərci azalacaqdır.

  Seminarda 50-dən artıq sahibkar iştirak edib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə biznes mühitinin daha da təkmilləşdirilməsi, rəqabətqabiliyyətinin artırılması, eləcə də özəl sektorun fəaliyyətində dövlət xidmətlərinin əlçatanlığının və keyfiyyətinin artırılması, operativliyin və şəffaflığın təmin edilməsi məqsədi ilə 2018-ci ilin dekabr ayının sonunda əsaslı biznes islahatları həyata keçirilib.