Bitkoinin qiyməti 4 600 dolları ötüb | Banco.az

Bitkoinin qiyməti 4 600 dolları ötüb

Bitkoinin qiyməti dünən keçirilən hərraclarda Şimali Koreya gərginliyi fonunda 6% artaraq 4 600 dollar həddini ötüb. 

"Vestifinance.ru" saytına istinadən xəbər verilir ki, əsasən Yaponiya və Cənubi Koreya investorları tərəfindən təhlükəsiz aktiv axtarışı nəticəsində bitkoinə tələbat kəskin artıb. Nəticədə "Coinmarket" sistemində qeydə alınmış 853 kriptovalyutanın kapitallaşması 160 mlrd. dolları keçib. 

Bu kriptovalyutalardan 11-nin kapitallaşması isə 1 mlrd. dollardan artıqdır. Təbii ki, ən yüksək kapitallaşmaya sahib olan kriptovalyuta bitkoindir. Bitkoinlərin ümumi dəyəri 73,735 mlrd. dollar, "Etherium"un - 34,067 mlrd., "Bitkoin kəş"in isə 9,612 mlrd. dollardır.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, 11 əsas kriptovalyuta sırasında yer alan rəqəmsal valyutalar sırasına "Ripple", IOTA, "Litecoin", NEM, "Dash", NEO, "Etherium Classic" və "Monero" aiddir. Qeyd edək ki, "Ripple" ötən həftə 47%, NEO 23%, "Etherium Classic" 10% bahalaşıb.

Mənbə: Report.az