Bitkoin dəyər qazanır: “Ciddi struktur dəyişiklikləri gözlənilir” | Banco.az

Bitkoin dəyər qazanır: “Ciddi struktur dəyişiklikləri gözlənilir”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bitcoin oktyabrın 16-sında 68.000 dollarlıq həddi aşaraq 68.420 dollara qədər yüksəlib. Hazırda onun bazar kapitalizasiyası 1.34 trilyon dolları keçərək ümumi bazarın 57.7%-ni təşkil edir. Bu artıma digər altkoinlərin də 5-17%-ə qədər müsbət dinamika nümayiş etdirdiyi müşayiət olunub.

Mövcud vəziyyətlə bağlı Banco.az-a açıqlama verən kriptovalyuta üzrə ekspert Elnur Quliyev bildirib ki, əgər bitcoin 69.300 dollardan yuxarı konsolidasiya edə bilsə, bu, daha ciddi struktur dəyişikliklərinə səbəb ola bilər:

“Kriptovalyuta bazarındakı müsbət qiymət dinamikasına bir neçə əsas fundamental faktor təsir edir. Bunlardan biri, ABŞ prezidentliyinə namizəd Donald Trampın seçkilərdə qələbə qazanma ehtimalıdır. Tramp, iyun ayında özünü ‘kripto-prezident’ adlandırmışdı, bu da kriptovalyuta sektoru üçün müsbət qiymətləndirilir.

Bundan əlavə, Çin hökumətinin bank sektoruna likvidlik dəstəyi ilə bağlı planları Asiya fond bazarlarında müsbət reaksiya doğurub. Ehtimal olunur ki, bu likvidliyin bir hissəsi kriptovalyuta sektoruna yönəldilə bilər”.

Elnur Quliyev qeyd edib ki, ABŞ Federal Ehtiyatlar Sisteminin uçot faiz dərəcəsini yenidən endirməsi də bitcoin və digər riskli aktivlərin qiymətinin artma ehtimalını artırır:

Ən sərfəli kredit üçün müraciət et

“Son 10 ayda bitcoin ETF-lərə daxilolmalar 19 milyard dolları keçib. Bu, kriptovalyutanın dəyər qazanmasına təkan verə bilər.

Qlobal iqtisadi problemlər fonunda, geosiyasi gərginliklər və klassik maliyyə alətlərinin gəlirliliyinin azalması investorları rəqəmsal aktivlərə yönəlməyə təşviq edir. Ancaq burada ehtiyatlı olmaq da önəmlidir. Kriptovalyuta bazarında qiymətlərin artım tendensiyası davam etsə də, “kripto balinalar” kütləvi BTC satışı edərək gəlirlərini fiksasiya edə bilərlər. Bu, adətən maksimum qiymət həddinə çatdıqdan sonra baş verir”.

Ekspert düşünür ki, kriptovalyutalar investisiya mədəniyyətini formalaşdırır. Kripto investor olmaq üçün heç vaxt gec deyil, kiçik məbləğlə də kripto investisiya etmək mümkündür:

“İnvestisiya edərkən səbrli olmaq və borc kapitalı ilə investisiya etməmək vacibdir. Uzunmüddətli investisiya strategiyası seçmək, bu sektorda ən çox qazananlar arasında olmaq üçün əhəmiyyətlidir. Əgər sizin maliyyə bazarlarının iş prinsipi ilə bağlı bilikləriniz kifayət qədər deyilsə, o zaman itirməyi gözə aldığınız məbləğdə investisiya etməyiniz məsləhətdir".