Birjalarda qiymətlərin kəskin düşməsi Azərbaycana necə təsir edir? | Banco.az

Birjalarda qiymətlərin kəskin düşməsi Azərbaycana necə təsir edir?

Azərbaycanın Dövlət Neft Fondu (ARDNF) maliyyə bazarlarındakı "çox qısamüddətli dalğalanmaları ziyan və təhlükə" hesab etmir.

Neft Fondunun bu açıqlamanı BBC Azərbaycancaya bazar ertəsi dünya birjalarında qiymətlərin kəskin enməsindən sonra verib.

Qiymətlərin enməsinə səbəb dünyanın ikinçi böyük iqtisadiyyatı sayılan Çin iqtisadiyyatında inkişafın yavaşlamasıdır. Həmçinin Brent markalı neftin qiyməti 45 dollardan aşağı enib.

Təhlilçilərin fikrincə isə, dünya bazarlarındakı son təlatümlərin birjalarda yalnız neftlə təmsil olunan Azərbaycana təsiri böyük ola bilər.

"Təhlükə yoxdur"

Neft Fondu vəsaitlərinin idarə olunması strategiyasının uzunmüddətli dövr üçün nəzərdə tutulduğunu deyərək maliyyə bazarlarındakı "çox qısamüddətli dalğalanmaları ziyan və təhlükə" hesab etmir.

Çində birjalar artıq ikinci gündür ki, itkilər verir. Şanxay indeksi günü 7.6 faiz eniş ilə başa vurub.

İqtisadçı Samir Əliyev deyir ki, son illərdə Çin iqtisadiyyatı yüksək templə inkişaf etsə də, belə yavaşlama gözlənilən idi.

"Çin iqtisadiyyatında yavaşlamanı göstərən köpüklər yaranırdı və partlamalı idi", Əliyev BBC Azərbaycancaya deyir.

Çin iqtisadiyyatında sərmayə problemi yaranıb, hətta Çin ötən ay ixracatını stimullaşdırmaq üçün milli valyutasını - yuanı aşağı salsa da, iqtisadi temp azalıb, iqtisadçı qeyd edir.

Buna görə də, dünyada ən böyük qızıl və neft alıcısı olan Çin iqtisadiyyatı həm əmtəə, həm də fond birjalarına "mənfi təsir" göstərir.

Dövlət Neft Fondu deyir ki, 2015-ci il iyulun 1-dən Çinin maliyyə təsisatlarının istiqrazları olmaqla yuana yatırımlar edib.

Fondun Çin ilə bağlı sərmayə strategiyasının məqsədi orta və ya uzunmüddətli dövrün sonunda yuanda ifadə olunan maliyyə alətlərindən gəlir götürmək olub.

..."maliyyə bazarlarındakı çox qısamüddətli dalğalanmalardan, xüsusilə məzənnə dəyişiklərindən yarana biləcək mənfəət və zərəri nəzərə almaq və onun Fondun vəsaitlərinin artım tempinin dayanıqlığı üçün təhlükə və ya Fond üçün ziyan hesab etmək qətiyyən düzgün olmazdı", Fondun sözçüsü Amil Həsənov BBC Azərbaycancaya deyib.

Ən sərfəli kredit üçün müraciət et

Fondun məlumatıma görə, 3,000,000,000.00 Çin yuanı (təxminən 492 336 757.89 AZN) həcmində qoyulan sərmayənin indiki dəyəri 3,020,554,854.99 Çin yuanıdır (təxminən 495 710 061.44 AZN).

Beləliklə, Fond son iki ay ərzində cəmi 3 milyon AZN gəlir əldə etmiş olub.

Devalvasiya

Dünya bazarlarında yavaşlama Azərbaycana neftin qiymətinin düşməsiylə təsir edəcək, Samir Əliyev deyir.

Onun sözlərinə görə, Azərbaycan artıq dünya bazarlarında neftin qiymətinin enməsinin mənfi təsirlərini hiss edib, yəni devalvasiya baş verib.

"Azərbaycanda indi növbəti devalvasiya məsələsi gündəmə gəlib, manata güclü təzyiq var. İnsanlarda gərginlik və panika yaranıb".

İnsanlar valyuta məntəqələrində dollar almağa çalışır, Mərkəzi Bank isə manatın kursunu sabit saxlamaqda inad edir, Samir Əliyev bildirib.

İqtisadçıya görə, təkcə neftin qiymətinin aşağı düşməsi deyil, həmçinin neft bazarına İran kimi yeni oyuncunun daxil olması və Liviyada hasilatın bərpası neft artıqlığına gətirib.

"Təbii ki, neft ucuzlaşmağa davam edərsə, devalvasiya qaçılmaz olacaq, amma burada zaman məsələsi var", o əlavə edir.

Neft gəlirləri

2015-ci ildə Neft Fondunun büdcəsinin baza göstəricisinin - xam neftin qiyməti dövlət büdcəsi ilə eyni, 90 ABŞ dolları səviyyəsində təsdiq edilib.

Banco.az "BBC Azərbaycan"a istinadən xəbər verir ki, Dünya bazarlarında xam neftin qiymətlərində aşağı dinamika müşahidə edildiyindən Fond, mənfəət neftinin və qazın satışından gəlirlərinin "aşağı" səviyyədə olmasını proqnozlaşdırır, fondun sözçüsü Amil Həsənov bildirib.

ARDNF bildirir ki, 2012-ci ildən uzunmüddətli dövr üçün vəsaitlərdən əldə olunan gəlirliliyin artırılması məqsədilə səhmlər və daşınmaz əmlaklar də daxil olmaqla, yeni maliyyə alətlərinə yatırımlar edilib.

Bura, Avstraliya dolları, Türkiyə lirəsi, Rusiya rublu və Çin yuanı kimi valyutalarda ifadə olunan müvafiq aktivlər də daxildir.