Birjalarda neft bahalaşıb | Banco.az

Birjalarda neft bahalaşıb

Tədarüklə bağlı OPEC+ alyansından daxil olan xəbərlər fonunda dünən orta hesabla 12% ucuzlaşmış neft bu gün korreksiya çərçivəsində bahalaşıb.

Şimal dənizində hasil olunan “Brent” neftinin may fyuçersləri 3,29% bahalaşaraq, 1 bareli 114,8 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 1,92% artaraq, 1 bareli 110,79 ABŞ dolları təşkil edib. Sonuncu dəfə qiymətlərin 10%-dən çox düşməsi 2021-ci ilin noyabr ayında qeydə alınmışdı.

Ötən gün BƏƏ-nin ABŞ-dakı səfiri Yusuf əl-Uteyb ölkəsinin neft hasilatının artırılmasına tərəfdar olduğunu və müvafiq qərarı OPEC çərçivəsində təşviq edəcəyini bəyan etdikdən sonra neft qiymətlərində kəskin eniş qeydə alınıb.

Ukrayna ətrafında cərəyan edən hadisələr və Rusiyaya qarşı sanksiyalar neft qiymətlərinin bir barel üçün 100 ABŞ dollarından yuxarı qalmasını şərtləndirib. İnvestorlar həmçinin mövcud vəziyyətin iqtisadiyyatın bərpa perspektivlərinə mənfi təsir edəcəyindən və bunun neftə olan tələbə təsir edəcəyindən narahatdırlar.

ABŞ-la bağlı statistik göstəricilər də korrektiv artımı dəstəkləyir. ABŞ Energetika Nazirliyi martın 5-dək olan həftə ərzində ABŞ-da “qara qızıl” ehtiyatının proqnozlaşdırılan 0,7 barel əvəzinə 1,9 milyon barel azaldığını açıqlayıb. Benzin ehtiyatları 2,1 milyon əvəzinə 1,4 milyon barel, distillyat ehtiyatları isə 1,9 milyon əvəzinə 5,2 milyon barel azalıb.

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram