Bir ölkədə 374 dollar, digərində 2,6 dollar: İnternet qiymətlərindəki böyük fərq | Banco.az

Bir ölkədə 374 dollar, digərində 2,6 dollar: İnternet qiymətlərindəki böyük fərq

Müəllif: Gülnar Əhmədli, Banco.az

İnternetə qoşulmanın qiyməti dünyada düşündüyümüzdən qat-qat fərqlidir. Bəzi ölkələrdə sabit genişzolaqlı internetə aylıq abunə cəmi bir neçə dollara başa gəlirsə, bəzi yerlərdə bu məbləğ 300 dolları ötür.

Broadband Genie məlumatlarına əsasən hazırlanan araşdırma göstərir ki, dünyanın ən bahalı və ən ucuz internet bazarları arasında qiymət fərqi 140 dəfədən çoxdur. Bu fərqin əsas səbəblərindən biri isə coğrafi mövqedir. Xüsusilə ucqar ada ölkələri və ərazilərində internet xidmətinin göstərilməsi daha baha başa gəldiyi üçün qiymətlər də yüksək olur.

Banco.az xəbər verir ki, dünyanın ən bahalı internet bazarları bunlardır:

  • Uollis və Futuna – 373,88 dollar
  • Türkmənistan – 286,24 dollar
  • Törks və Kaykos adaları – 252,00 dollar
  • Sent-Bartelemi – 207,26 dollar
  • Esvatini – 193,31 dollar
  • Suriya – 189,92 dollar
  • Burundi – 186,46 dollar
  • Komor adaları – 175,12 dollar
  • Kayman adaları – 167,39 dollar
  • Britaniya Virgin adaları – 155,00 dollar

Araşdırmaya görə, dünyanın ən bahalı 25 internet bazarından 18-i ada ölkələri və ya əraziləridir. Kiçik əhali, məhdud rəqabət və yüksək infrastruktur xərcləri qiymətlərin bahalaşmasına səbəb olur.

Müqayisə üçün qeyd edək ki, ABŞ-də sabit genişzolaqlı internetin orta aylıq qiyməti 80 dollar təşkil edir.

Bəs ən ucuz internet haradadır?

İlk onluq belədir:

  • İran – 2,61 dollar
  • Ukrayna – 5,35 dollar
  • Efiopiya – 6,46 dollar
  • Banqladeş – 7,38 dollar
  • Monqolustan – 7,41 dollar
  • Misir – 7,91 dollar
  • Rumıniya – 8,19 dollar
  • Hindistan – 8,82 dollar
  • Nepal – 9,22 dollar
  • Rusiya – 9,71 dollar

İranda qiymətlərin aşağı olmasına milli valyutanın dəyərinin azalması və dövlət subsidiyaları təsir göstərir. Ukraynada isə uzun illər internet provayderləri arasında yüksək rəqabət qiymətlərin aşağı səviyyədə qalmasına kömək edib.

Maraqlıdır ki, ucuz internet hər zaman aşağı keyfiyyət demək deyil. Məsələn, Rumıniya və Vyetnam həm əlverişli qiymətləri, həm də yüksək sabit internet sürəti ilə dünyanın ön sıralarında yer alırlar.

Araşdırmaya əsasən, dünyanın ən bahalı internet bazarı olan Uollis və Futunada internetə aylıq abunə haqqı ən ucuz bazar sayılan İrandan təxminən 143 dəfə bahadır.

Mütəxəssislər bildirirlər ki, qlobal internet trafikinin təxminən 99 faizi sualtı fiber-optik kabellər vasitəsilə ötürülür. Əsas şəbəkə marşrutlarından uzaqda yerləşən ölkələrdə infrastrukturun qurulması daha baha başa gəldiyi üçün bu xərc son nəticədə internet qiymətlərinə də təsir göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram