Bill Qeyts ən yaxşı əməkdaşları işə götürməyin sirrini açıqlayıb | Banco.az

Bill Qeyts ən yaxşı əməkdaşları işə götürməyin sirrini açıqlayıb

Potensial işçiləri yuxu kapsulları və pinq-ponq stolları (stolüstü tennis) olan ofislərlə cəlb etmək əvəzinə onları dövrümüzdə ən aktual olan amillə — çevik iş cədvəli ilə təmin etmək kifayətdir.

“Yaxın gələcəkdə ən yaxşı mütəxəssislər uğrunda mübarizə getdikcə daha da artacaq. Əməkdaşlara çevik qrafik təqdim edən şirkətlər üstünlüyə sahib olacaq”, — dünyanın ikinci ən varlı adamı hesab edir.

2018-ci ildə Kaliforniyada yerləşən “Zenefits” şirkəti kiçik biznes əməkdaşları arasında sorğu keçirdib. İştirakçıların 75%-i çevik cədvəlin məhsuldarlığa müsbət təsir göstərdiyini düşünür. 77% qeyd edib ki, sərbəst rejim iş yeri seçimində əsas amildir.

Digər statistika da bunu təsdiqləyir. Millennial əməkdaşlar yüksək əmək haqqı ilə müqayisədə çevik iş cədvəlinə malik olan bir şirkət seçməyə daha çox meyllidir.

Çevik qrafikin elmi sübutları

Harvard biznes məktəbinin araşdırmasına görə, “istənilən yerdən işləmək” siyasəti olan şirkətlərin işçiləri hətta ofisin yaxınlığında yaşayanlara nisbətən 4,4% daha məhsuldardırlar.

Məsafədən işin əhvala müsbət təsirini Stenford Universitetinin məlumatları da təsdiqləyir. Çevik bir cədvəl işçinin stress səviyyəsini də aşağı salır. Bu da öz növbəsində şirkətin səmərəliliyini artırır, xəstəlik məzuniyyətlərinin sayını, uzadılmış “deadline”ları və kadr axınını isə azaldır. Üstəlik, ofis xərcləri də daha az olur, belə ki, daha az resursdan istifadə edilir.

Uğurlu nümunələr

Yaponiya hökuməti bazar ertəsi səhərini işçilərin sərəncamına buraxan şirkətləri təşviq edir. İki Litva şirkəti isə işçilərin tənbəlliyinə, tez-tez qəhvə fasiləsi vermələrinə və internetdə vaxt keçirməsinə qarşı mübarizə aparmaq üçün iş saatlarının sayını azaltmağı qərara aldı, əmək haqlarının məbləğini isə azaltmadı.

Bundan əvvəl “Netflix”də də sabit cədvəldən imtina olunmuşdu. Təşəbbüs işçilərin rəyi əsasında yaranmışdı. Prosesdə daimi iştirak, axşamlar və həftə sonları gələn ismarıclar iş gününü qeyri-müəyyən edirdi. İşin nə vaxt başladığı və nə vaxt bitdiyi bilinmirdi.

“İnsanların nə etdiyi əhəmiyyət daşıyır, nəinki neçə saat və ya neçə gün çalışmaqları. Bizə doqquzdan beşəcən qrafiki lazım deyil”, — “Netflix” hesab edir.

Ən sərfəli kredit üçün müraciət et

Niyə sabit iş cədvəli tarixə qarışır

Normal iş rejimi bir çox faktora görə dəyişir. İnternet və smartfonlar bizi 24/7 danışıq və iş yazışmaları üçün əlçatan edir. Bu, cədvəldə və iş-həyat balansında bir dəyişiklik etməyə zərurət yaradır.

Daimi bildirişlər, gələn məktublar və iş gününün qarışıqlığında həmkarların sualları vacib məsələlərdən yayındırır. Çevik cədvəllə öz “səssiz” saatlarımızı müəyyən edirik: səhər erkən boş ofisdə, kafedə, gecə evdə.

Cədvəldəki dəyişikliklərin digər bir amili odur ki, zaman keçdikcə insanlar başlarıyla daha çox işləyir, nəinki əlləriylə. İşə sərf olunan vaxtın miqdarı ilə nəticənin keyfiyyəti arasındakı əlaqə itir.

Çevik iş cədvəlinə keçməkdə çətinliklər və həll yolları

Sözsüz ki, çevik qrafikə keçməyə qərar vermək asan deyil. Əksər işçilər və menecerlərin bəzi çətinliklərlə qarşılaşmaq riski mövcuddur. Ən geniş yayılanı komanda ayrılıqları və müasir tələblərə cavab verməyən biznes prosesləridir.

İlk problemi həll etmək üçün təcrübəli işçilər korporativ messencerlərdən (“Slack” və ya “Google Hangouts”), eləcə də “Asana”, “Trello”, “Jira”, “Basecamp” kimi layihə idarəetmə vasitələrindən istifadə etməyi təklif edir.

İkinci çətinliyi aradan qaldırmağa yeniləmələr və ya tanış proseslərdə tam dəyişiklik etmək kömək edəcəkdir. Bu, çevik iş rejimi ilə ayaqlaşmaq üçün vacibdir. Bütün işçilər üçün həftəlik bülletenlər və ya ətraflı rüblük hesabatlar tərtib edin. Məşhur “Scrum” və ya “Kanban” layihə idarəetmə üsullarını tətbiq etməyə çalışın.

Çevik qrafik işçinin daim təmasda qalmasını ehtiva etsə də gəliş-gediş vaxtını seçmək azadlığı var. Bu da işçinin məmnunluğuna müsbət təsir göstərir. Bir əməkdaş 15 dəqiqəlik bir gecikməyə görə danlanmayacağını, cümə günü işdən daha tez gedə biləcəyini bilirsə, iş yerinə münasibətdə daha loyal olur.

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et