"Bəzi müştərilər istəyir ki, onu heç kim görməsin" - Qurban Süleymanov | Banco.az

"Bəzi müştərilər istəyir ki, onu heç kim görməsin" - Qurban Süleymanov

Azərbaycan banklarına əmanəti hansı şərtlərlə yatırmaq olar? Hansı hallarda müştəriyə ayrıca xidmət olunur?  Banka əmanəti necə yatırmaq lazımdır ki, faiz itkisi olmasın? Bəs ölkə daxilində və xaricə pul köçürmək üçün ən sərfəli variantlar hansıdır? 

Bu mövzular Azərbaycan Beynəlxalq Bankı və «ASAN Radio»nun yeni layihəsi olan «Bank saatı» radio verilişində (hər cümə saat 19.05-də efirdə) müzakirə edilib. Əmanət şərtləri, pul köçürmələri və bank sirri ilə bağlı Azərbaycan Beynəlxalq Bankının (ABB) Mərkəz filialının müdiri Qurban Süleymanovun «Bank saatı»na müsahibəsini təqdim edirik:
 
- Qurban müəllim, əvvəlcə zəhmət olmasa deyin, ABB-nin Mərkəz filialı harada yerləşir? Çünki Bakının mərkəzində ABB-nin bir neçə filialı var və hətta mən də onları bəzən qarışıq salıram. Mərkəz filialının hansı olduğunu ünvanı ilə dəqiq desəniz oxucularımız da bilər.

- ABB-nin Mərkəz filialı elə mərkəzdə - Musiqili Komediaya Teatrının arxa tərəfində, Tarix Muzeyi ilə üzbəüz  yerləşir. Dəqiq ünvanımız isə Zeynalabdin Tağıyev küçəsi 3-dür. Mərkəz filialının binası tarixi binadır, vaxtilə inşa olunanda da bank kimi inşa olunub. Binanın giriş qapısının üzərində inşa olunarkən yazılan «Bank» sözü hələ də durur. Bu simvol olaraq qorunub və indiyə kimi qalıb.
 
- Biz bu gün banka əmanət qoyulmasından danışacayıq. Baxın, tutaq ki, mən ya da başqa bir müştərinin müəyyən qədər pulu var və bu pulu banka əmanət kimi qoymaq istəyir. Müştəri bu zaman nəyə diqqət yetirməlidir? Bankın etibarlı olub-olmadığını bilmək üçün hansı göstəriciərə fikir  verməlidir?

- Maraqlı sualdır. Son hadisələrdən sonra insanların bank seçiminə qarşı həssaslığı artıb. Hazırda Azərbaycanda fəaliyyət göstərən bankların hamısının rəsmi internet səhifələri var. Bu saytlarda maliyyə göstəriciləri-hesabatları olur, bankın faliyyətini dərindən öyrənmək üçün yaxşı olar ki, bu hesabatlar nəzərdən keçirilsin. Rəsmi  saytlarda yerləşdirilən hesabatların düzgünlüyünə hər bir bank məsuliyyət daşıyır. Yəni rəsmi səhifədə əks etdirilən rəqəmlər düzgün göstəricilərdir. Bankın səhmdarları barədə məlumat  almaları yaxşı olardı. Bir də ki, bankın tarixçəsi - fəaliyyət tarixi, dayanıqlılığı, rəqabət qabiliyyətinə diqqət eləmək lazımdır.
 
- Banklar indi depozitləri - əmanətləri hansı şərtlərlə qəbul edir?


- Müxtəlif  banklara görə şərtlər müxtəlif olur. Məsələn, ABB-da  milli valyuta ilə müddətindən və şərtindən asılı olaraq illik faiz dərəcəsi 7-9% arası dəyişir. ABŞ dollarında isə bu rəqəm illik 1 faizdir.
 
Banka əvvəlki kimi 10 illiyə pul qoymaq mümkün deyil
 
- Banka pulu hansı müddətə qoymaq olur? Məsələn mən 10 il müddətinə əmanət yatırmaq istəsəm, bu mümkündür?

- Bir neçə il bundan əvvəl bu mümkün idi və belə məhsullar var idi. Yəni bir çox banklar 10 illik müddəğə depozit qəbul edirdilər. Sadəcə 3- 4 il əvvəl Aərbaycanda bank sektorunda olan dəyişikliklərlə əlaqədar bütün banklar öz strategiyalarına yenidən baxdılar və hazırda bankların əksəriyyətində maksimal müddət 3 ildir. Ola bilsin hansısa bankda 5 ilədək uzanır bu müddət, amma əksərində 3 ildir.
 
-Bəs məbləğ məsələsi necə tənzimlənir? Yəni banka istənilən məbləğdə əmanət qoymaq mümkündür? Məsələn, tutaq ki birinin 10 milyonu var və bu pulu 3 il müddətinə banka qoya bilər?

- Bunun üçün maksimal hədd təyin olunmayıb.
 
- Yəni nə qədər çox gətirsə bir o qədər yaxşıdır?

- Bəli. Sadəcə bizim bankda minimum hədd var. Əmanət 500 manatdan və ya 500 dollardan az olmamalıdır. Bu rəqəmdən başlayaraq istənilən miqdarda əmanəti etibar edə bilərlər.
 
VİP müştəriləri heç kim görmür
 
- Tutaq ki, biri 10 milyon əmanət qoyur, onun üçün şərtlər fərdi təyin olunur?

- Bəli, iri məbləğlərdə depozit faizlərinin ödənilməsinə fərdi olaraq baxılır.
 
- Yəqin ki, belə şəxslər VİP müştəri sayılırlar, sizin bankda VİP xidmət var?


- Bəli, hazırda Mərkəz filialımızda uzun müddətdir VİP xidmətimiz var.
 
- VİP xidmətə nələr daxildir?

- Müştəriyə individual yanaşmadır. Bilmirəm, siz bizim filialda olmusunuz yoxsa yox, bir var ümumi zal, biri də var ki, ayrıca otaq. O otaqda həmin müştərilər tək-tək qəbul edilir. Bir müştəri otağı tərk etməyincə ikinci müştəri daxil olmur.
 
- Yəni heç kəs heç kəsi görmür.

- Bəli.

- Elə adamlar varmı ki, banka pul qoysun və ordan gələn faizlə gündəlik təlabatlarını ödəsin?

- Təbii ki, var elə adamlar. Aylıq xərclərini tam ödəməsə də əmanətindən aldığı faizlə müəyyən xərclərini qarşılaya bilirlər.
 
Əmanəti elə qoymaq olar ki, faiz itkisi olmasın
 
- Pulları vaxtından əvvəl götürmək məsələsinə də toxunaq. Tutaq ki, mən sizə 50 min manat məbləğində əmanət gətirdim və iki il müddətinə bankınıza qoydum. Lakin 1 ildən sonra mənə 5-10 min pul lazım oldu. Mən o 50 min əmanətimin üzərindən 5-10 min manat götürəndə bizim müqaviləmiz qüvvədən düşür? Faiz itirirəmmi?


- İstənilən əmanəti müştəri öz istəyinə uyğun olafraq banka yaxınlaşıb istədiyi vaxt götürə bilər. Biz bu vəziyyəti əvvəlcədən bildikdə, yəni müştəri əvvəl bizə yaxınlaşıb dedikdə ki, hazırda əlimdə pul var, amma evvə saxlamaq istəmirəm, banka qoysam və vaxtından əvvəl götürmək istəsəm nə itirə bilərəm? Biz bu halda müştərinin itkilərini münimuma salmaq üçün təklif edirik ki, məbləği bir neçə hissəyə bölüb banka yerləşdirsin. Tutaq ki, məbləğ 50 mindir, biz təklif edirik ki, 5 yerə bölək və 10 min miqdarında 5 əmanət yerləşdirək. Pul lazım olanda digər əmanətlərə toxunmadan məbləğlərdən birini çəkə bilsin.
 
Bonuslar da faizə sayılır, müştərilər diqqətli olmalıdır
 
- Qurban müəllim, əmanətlərin qorunması məsələsindən danışaq. Zəhmət olmasa bir də xatırladardınız, hansı əmanətlər qorunur?


- Əmanətlərin Sığortalanma Fondunun Himayəçilik Şurasının qərarına görə, Azərbaycan manatı ilə yerləşdirilən əmanətlərin illik faiz dərəcəsi 15 faizədəkdir. Xarici valyutada isə bu rəqəm 3 faizdir.
 
- Belə bir hal ola bilər. Tutaq ki mən əmanətimi yerləşdirdim başqa bir faizlə, tutaq ki, 15 faizlə 1 illik. Bir il ərzində Əmanətlərin Sığortalanması Fondu o faiz dərəcəsini endirir 12 faizə. Belə çıxır ki, mənim əmanətim qorunmur?

-Xeyr, o əmanət qorunur. Müqavilə bağlanan an neçə faiz üzərində razılığa gəlinibsə o şərtlər müqavilə müddəti bitənə kimi qüvvədədir. Bu müddət ərzində əmanətlərin sığortalanma fondu faiz dərəcəsini aşağı salsa belə, sizin əmanətiniz üçün keçərli deyil, yəni əmanət qorunacaq.
 
- İndi bəzi banklar öz fazilərindən əlavə müəyyən bonuslar da təklif edirlər. Tutaq ki, bank bəyan edir ki,  siz bizə öz əmanətlərinizi etibar edin, biz 15 faizlə onu qoruyaq, amma sizə bonus olaraq əlavə 2 faiz də tətbiq edək. Yəni toplamda buə manət 17 faiz gəlir gətirir. Bu hallar barədə nə deyə bilərsiniz? Bu əmanətlər həqiqətən qorunur?

- Hesab edirəm ki bu suala Əmanətlərin Sığortalanması Fondu daha dəqiq cavab verə bilər. Amma məncə Fondun Himayəçilik Şurasının təyin etdiyi faiz 15 göstərilibsə bundan artıq vəd olunan rəqəmlər real deyil və o əmanətlər qorunmur. Ola blsin ki, hansısa bank 12 faiz təklif edib, bonus olaraq 2 faiz də verir və cəmi 14 edir. Bu halda o əmanət qorunur.
 
-Mən qeyd edim ki, bu məsələni Əmanətlərin Sığortalanması Fondu ilə dəqiqləşdirmişik, onlar da qeyd etdi ki, əgər əmanətlərin qorunma faizi 15-dirsə bu istənilən halda eyni qalır. Bu və ya digər halda, bonus kimi bu faiz 15-i ötərsə artıq o əmanət qorunmayacaq. Ona görə də müştərilər əmanətlərini banka etibar edəndə bu məsələni diqqətə alsalar daha yaxşı olar.
 
Bank işçisi müştərinin sirrinin qorumalıdır
 
VİP müştərilərlə bağlı bir məsələni də dəqiqləşdirim. Adətən belə müştərilər istəmir ki, kimsə bankda onu görsün, ümumiyyətlə maliyyə məsələlərindən kimsə xəbərdar olsun. Tutaq ki, əlimdə böyük bir məbləğ gəlirəm sizin Mərkəz filialına, və burada işləyən qonşumla rastlaşıram, o da məni görür və “Əli müəllim, sizin bu qədər çox pulunuz varmış?” deyə heyrətlənir. Məncə istənilən şəxs bu vəziyyətdən narahat olar ki, artıq mənim pulum olduğunu bilirlər. Bank işçisinin müştəri haqqında məlumatı haradasa yaymaq, bu barədə kənarda danışmaq ehtimalı nə qədərdir? Bilirsiniz ki, insanlar pulları qədər sirrlərini də qorumaq istəyirlər.
 
- Düz qeyd etdiniz, bu mühüm məqamdır. Banklar haqqında qanunun 41.1 maddəsində deyirlir ki, bank öz müştərisi barədə bütün məlumatların qorunub saxlanmasında məsuliyyət daşıyır. Bundan əlavə, bank əməkdaşları işə qəbul olunarkən öhdəlik imzalayırlar ki, bu da bank sirrinin qorunmas öhdəliyidir.
 
- Onlar bu öhdəliyi pozsalar məsuliyyətə cəlb olunurlər?

-Təbii ki. Hesab barədə məlumat yalnız hesab sahibinin özünə və ya onun rəsmi nümayəndəsinə verilə bilər. Bir də Məcəllədə müddəlar var ki, orda nəzərdə tutulan qanuni çərçivədə kim nəzərdə tutulubsa ona.
 
-Yəqin ki, bank işçiləri buna əməl edirlər…

-Əlbəttə, hökmən.
 
Yaxın adamlara ayda 10 min dollar göndərə bilərsən
 
- Növbəti sualım pul köçürmələri haqqındadır. İndi xaricə və daxilə pul köçürmələrinin həcmi və sayı artır. Xaricə pul köçürmə ilə bağlı hər hansı limit var? Tutaq ki mən kiminsə hesabına nə qədər istəsəm pul köçürə bilərəm?

-Xeyr, müəyyən limitlər əlbəttə ki, var. 2016-cı ildə Mərkəzi Bank tərəfindən pul köçürmə qaydalarına müəyyən dəyişikliklər olunub. O qaydaların tələblərinə görə limit çərçivəsində yaxın qohumlara və yaxın adamlara köçürmənin təyinatını müəyyən sənədlərlə təsdiq etməklə pul köçürmək olar.
 
-Miqdar nə qədərdir?

-Şəxsi köçürmələri nəzərdə tutursunuzsa, ay ərzində 10 min dollar köçürmək mümkündür.
 
-Yaxın adamlar dedikdə kimləri nəzərdə tutursuz? Ailə üzvləri?

-Bəli, həyat yoldaşı, övladlar, valideynlər, birinci dərəcəli qohumlar – qardaş-bacı, övladlığa götürlülmüş uşaq və s.
 
-Mən öz qardaşımın hesabına pul köçürmək istəyirəmsə bankda bunu sübut etmək üçün nə etməliyəm?

-Siz həm özünüzün, həm də qardaşınızın doğum haqqında şəhadətnaməsini təqdim etməlisiniz. Bankda eyniləşdirilmə aparılır, təsdiq olunur ki siz həqiqətən qardaşsınız, bundan sonra pul köçürülür. Ər-ərvad arasında pul köçürülmələri nikah haqqında şəhadətnamə ilə təsdiqlənməlidir.
 
-Köçürdüyüm pulun təyinatını da göstərməliyəm?

-Şəxsi köçürmələrdə deməmək də olar. Maddi yardım kimi qeyd olunur. Limit çərçivəsində olan məbləğlərdə bu vacib deyil.
 
-Tutaq ki, mənim qardaşım Azərbaycanda hansısa bir bankın müştərisidir, mən də öz kartımdan onun kartına köçürmə edirəm. Bu halda limitə ehtiyac var?

-Xeyr. Hər iki hesab ölkə bankına aid olduğu üçün ehtiyac qalmır.
 
Xaricə pul köçürmək üçün ən sərfəli sistem hansıdır?
 
- Bazarda çoxlu xaricə pul köçürmə sistemləri var ki, həm ölkə daxilinə, həm də ölkə xaricinə pul köçürmək mümkündür. Necə məsləhət bilirsiniz, bunlardan hansı daha sərfəlidir?
-Pul köçürmə sistemlərində seçim çox böyükdür. Ölkələr və ya valyutalarla bağlı fərqlər ola bilər, bu halda da müştəri banka yaxınlaşıb məlumat alır və özünə daha əlverişli olan pulköçürmə sistemini seçərək pul köçürməsini onunla edir.
 
-Doğrudan da elə pulköçürmə sistemləri var ki, o bir ölkə öçün sərfəlidir, başqa ölkə üçün yox.

-Bəli, təbii ki. Məsələn hamının bildiyi “Western Union” sistemi var ki, bütün ölkələrdə işləyir, amma Rusiyada bu xidmətlə pul köçürmək nisbətən baha başa gəlir. Bu sistemlə ABŞ-a pul köçürmək daha sərfəlidir.
Deməli “Western Union”la Amerikaya pul köçürmək sərfəlidir, Rusiyaya yox.
 
-Bəs Rusiyaya pul köçürmək üçün ən sərfəli sistem hansıdır?

-Hazırda bizim bankda işlətdiyimiz sistemlər “Kontakt” və “Zolotaya Korona”dır. Adlarından da göründüyü kimi Rusiyada geniş yayılmış və etibarlı sistemdir.
 
-Beynəlxalq Bankn bununla bağlı xidməti var?

-Respublika daxilində özümüzə məxsus pul köçürmə sistemimiz var, bu “Manat Ekspress” adlanır. Rusiyaya pul köçürəndə özümüzə məxsus “İba Ekspress” sistemimizdən də istifadə edirik.

Ən sərfəli kredit üçün müraciət et

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et