Azərbaycanın bəzi bankları öz müştərilərinə sığorta xidmətlərini diktə etməklə sığorta sektorunda normal rəqabətə mane olurlar. Bu barədə aparıcı sığorta şirkətlərindən olan "A-Qroup"un idarə heyətinin sədr müavini Əli Bayramov bildirib. Onu sözlərinə görə, bəzi banklar müştərilərə kredit verdikdə, onları məcbur edirlər ki, öz həyatlarını və ya kreditlə alınan malları bu banka məxsus olan sığorta şirkətlərində sığortalatsınlar: " Əslində qanunla müştəri azaddır. Amma belə deyil - banklar bu usullarla müştərini məngənəyə salırlar. Bu ən çox avtomobillərin kreditlə alınmasında baş verir".
Ə.Bayramovun sözlərinə görə, bu üsuldan istifadə edən banklar nəinki müştərinin normal seçiminə mane olur, hətta onu bir növ şantaj edirlər - çünki onların şərtləri ilə razılaşmayanda kredit vermirlər: "Müştəri hansısa sığorta şirkətini tanıyır, onun xidmətindən istifadə edib və ona etibar edir. Kredit alanda bildirir ki, mən siz dediyiniz yox, indiyədək tanıdığım şirkətin xidmətindən istifadə edəcəm. Amma ona deyirlər ki, filan şirkətdə sığortalatmalısan, etməsən kredit verilməyəcək".
Mütəxəssisin sözlərinə görə, indiyədək belə səbəbə (yəni müştərinin bankın təklif etdiyi şirkəti seçməməsinə) görə, kredit verməkdən imtina halları dəfələrlə baş verib. Bu isə müştəriyə təklif olunan sığonta xidmətlərinin keyfiyyətinin də aşağı düşməsinə səbəb olur: "Belə ki, adətən bankların təklif etdiyi şirkətlərin tarifləri yüksək olur, onların təklif etdiyi risklər məhdud olur. Halbuki normal rəqabət olsa, bu göstəricilər daha sərfəli olar".
Ə.Bayramovun sözlərinə görə, hazırda sığorta bazarındakı şirkətlərdən təqribən 10-u müştəri toplamaq üçün bu üsuldan istifadə edir: "Azərbaycan banklarının reytinqində ilk 10-luğa daxil olan banklara yaxın sığorta şirkətləri bu üsulara əl atırlar".
fins.az