"Beynəlxalq Sığorta Şirkəti" ASC (BSŞ) Bakı şəhəri, Nəcəfqulu Rəfiyev küçəsi, 17/26 ünvanındakı (metronun "Xətai" stansiyasının yaxınlığındakı) İddialar departamentinin yerini dəyişib.
Bu barədə "Report"a şirkətdən bildirilib.
Məlumata görə, hazırda departament BSŞ-nin baş ofisində, Cəfər Cabbarlı küçəsi, 56 ünvanında yerləşir. Sığorta hadisələri ilə bağlı müraciətlər də burada qəbul edilir. Yerdəyişmə şirkətin xərclərinin optimallaşdırılması çərçivəsində həyata keçirilib.
Xatırladaq ki, BSŞ 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,8 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 10 min manat olan 1 480 səhm əsasında formalaşıb. Səhmlər 100% Azərbaycan Beynəlxalq Bankı ASC-yə məxsusdur.