«Beynəlxalq Sığorta» şirkətinin bağlanması ilə bağlı qərar rəsmiləşib.Artıq şirkətin portfelinin hansı şirkətə ötürüləcəyi də məlum olub. Sığorta şirkətinin aktivləri yenicə yaranan və inkişaf etməkdə olan “Qala Sığorta” şirkətinə ötürüləcək.
«Beynəlxalq Sığorta» şirkətindən məsələ ilə bağlı münasibət bildirməkdən imtina ediblər.Şirkətdən eyni zamanda 9 aylıq nəticələrə görə ümumi portfelin həcmini də açıqlamayıblar.
Bununla belə, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı bu ilin 8 aylıq hesabatına əsasən sığorta şirkətinin ümumi yığımları 56,9% azalaraq 3,786 milyon manat olub. Ödənişlərinin ümumi həcmi isə 21,9% azalaraq 2,290 milyon manat təşkil edib.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı oktyabr ayının 4-də sığorta şirkətinin bağlanması ilə bağlı səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcəyini açıqlamışdı.
Bankın İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev isə mətbuata açıqlamasında sığorta şirkətinin maliyyə göstəricilərinin qaneedici olmadığı üçün belə qərar verildiyini bildirmişdi.Ona görə də biznesin optimallaşdırılmasına çalışıldığını demişdi.
“Qala Sığorta” şirkətinin idarə heyətinin sədri Viladi Maniyev isə bir neçə gün əvvəl fins.az-a açıqlamasında sığorta şirkəti ilə bağlı hər hansı konsolidasiyanın istisna olmadığını bildirmişdi.
Qeyd edək ki, sığorta şirkəti ilə bağlı səhmdarların yığıncağı bu gün saat 15.00-da keçiriləcək.
Mənbə : Fins.az