Beynəlxalq Enerji Agentliyi tarixi neft ehtiyatlarının istifadəsini təsdiqləyib | Banco.az

Beynəlxalq Enerji Agentliyi tarixi neft ehtiyatlarının istifadəsini təsdiqləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Enerji Agentliyi (IEA) tarixi neft ehtiyatlarının istifadəsini təsdiqləyib.

Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (IEA) tarixində ən böyük fövqəladə neft ehtiyatının istifadəsinə razılıq verib. Agentlik üzv ölkələrin 400 milyon barel həcmində nefti bazara buraxacağını açıqlayıb.

Fransanın maliyyə naziri Rolan Leskür bu gün verdiyi açıqlamada bildirib ki, G7 ölkələrinin dövlət başçılarının keçirəcəyi iclasda neft ehtiyatlarının bazara buraxılması məsələsi müzakirə ediləcək.

G7 ölkələri strateji ehtiyatların bazara çıxarılması da daxil olmaqla “proaktiv tədbirləri” prinsip etibarilə dəstəklədiklərini bildiriblər, lakin mümkün müdaxilənin miqyası barədə ətraflı məlumat verməyiblər.

Bazar ertəsi Londonda neftin qiyməti bir barel üçün təxminən 120 dollara qədər yüksəlib. Lakin ABŞ prezidenti Donald Tramp İranla qarşıdurmanın yaxın zamanda sona çata biləcəyinə dair siqnal verdikdən və hökumətlərin neft ehtiyatlarından istifadə etməyə başlayacağı ilə bağlı gözləntilərin artmasından sonra fyuçers əməliyyatlarında qiymətlər nəzərəçarpacaq dərəcədə geriləyib.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra 2022-ci ildə “Beynəlxalq Enerji Agentliyi”nə üzv ölkələr 182 milyon barel həcmində nefti ehtiyatlardan bazara buraxmışdılar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram