Beynəlxalq Bankın səhmləri kütləvi şəkildə satılacaq? | Banco.az

Beynəlxalq Bankın səhmləri kütləvi şəkildə satılacaq?

Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ilin birinci rübündə kapitalını artırmağı planlaşdırır. 

Emitentin əsas səhmdarı tərəfindən emitentə əlavə 600 milyon məbləğində kapitalın verilməsi nəzərdə tutulub.

Səhmlərin emissiyası bankın kapitalını artıraraq əlavə ehtiyatların yaradılmasında iştirak edəcək, lakin gəlir formalaşdırmayacaq. Emissiya hər bir səhmin nominal dəyəri 27 qəpik olmaqla, 2222222223 ədəd adi, adlı, sənədsiz səhmdən ibarət olacaq. Beləliklə, emissiyanın məcmu nominal dəyəri 600000000,21 manatdır.

Səhm buraxılışının əsas diqqət çəkən hissəsi emissiyanın kütləvi şəkildə təklif ediləcəyi ilə bağlıdır. İqtisadi ekspert Cəfər İbrahimli bildirib ki, 2015-ci ilin may ayında “Qiymətli Kağızlar Bazarı” haqqında qanuna dəyişikliklər ediləndən sonra ABB banklar arasında ilk dəfə kütləvi səhm buraxılışı həyata keçirəcək:

Ən sərfəli kredit üçün müraciət et

“Belə ki, bankın 1500-ə qədər fiziki və hüquqi şəxs olan səhmdarları ilə yanaşı, adi vətəndaşlar da bankın səhmini ala biləcəklər. Amma məsələ burasındadır ki, kütləvi səhm satışı real görünmür.

Belə ki, bankın açıqladığına görə, kapital artımı 600 milyon manatlıq zərərin qarşılanması məqsədi ilə həyata keçirilir. Ona görə də digər səhmdar və vətəndaşlar bu emissiyaya maraq göstərməyəcəklər. Gözlənilən odur ki, kapital artımının həyata keçirilməsi üçün Maliyyə Nazirliyi vəsait yönəldəcək.

Onu da deyək ki, səhm emissiyanın məqsədi devalvasiyaların emitentə mənfi təsirinin aradan qaldırılması, onun nəticəsində kredit portfelin artırılmasından irəli gələn əlavə ehtiyatların yaradılması, beynəlxalq müqavilələr üzrə digər maliyyə kovenantlarının pozulmaması və ümumiyyətlə, dövlətə məxsus bankın dəstəklənməsi və reytinqinin saxlanılmasıdır”.

©FİNS.az