Beynəlxalq Bank 20 illik ipotekanı nə vaxt bərpa edəcək? – AÇIQLAMA | Banco.az

Beynəlxalq Bank 20 illik ipotekanı nə vaxt bərpa edəcək? – AÇIQLAMA

Azərbaycan Beynəlxalq Bankı bir sıra tikinti şirkətləri vasitəsilə təklif etdiyi 20 illik ipoteka kreditini dayandırdıqdan sonra, mənzil satışları kəskin aşağı düşüb. 

Tikinti şirkətləri isə endirim və daxili kreditləri ilə yaranmış vəziyyəti az da olsa kompensasiya etməyə çalışırlar.

20 illik ipoteka kreditinin nə vaxt bərpa ediləcəyi tikinti şirkətləri ilə bərabər, alıcıları da maraqlandırır.

Azərbaycan Beynəlxalq Bankından (ABB) bildirilib ki, bu gün ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi hökumətin əsas prioritetlərindən biridir:

“Sərt monetar siyasət bu sabitliyin təmin olunması üçün zəruridir. Uçot dərəcəsinə yaxın faiz dərəcələri (15%) ilə qısamuddətli risksiz monetar alətlər olduğu halda, məhdud likvid manat vəsaitlərinin uzunmüddətli (20 il), həm də yüksək kredit və digər risklər daşıyan 10%-li kredit qoyuluşlarına yönəldilməsi bank tərəfindən ən azı irrasional qərar olardı.

Ən sərfəli kredit üçün müraciət et

Gələcəkdə makroiqtisadi göstəricilərdən asılı olaraq, bank ipoteka layihələrinin bərpasına qərar verə bilər”.

Bankdan o da qeyd olunub ki, mənzil krediti layihəsi çərçivəsində ABB ilə əməkdaşlıq edən MTK-lardan yaşayış sahəsinin alınması məqsədilə borcalana verilmiş kreditin müvafiq meyarlarla digər potensial borcalanların adına keçirilməsi mümkündür.

Qeyd edək ki, tikinti şirkətləri müştərilərinə Beynəlxalq Bankın yaxın günlərdə krediti bərpa edəcəyini bildirirlər. Artıq bir sıra tikinti şirkəti öz “Facebook” səhifəsində bu barədə müştərilərə cavablar yazırlar.

Mənbə: Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et