Bernanke 2014-cü ildə ABŞ iqtisadiyyatında yüksəliş müşahidə olunacağını iddia edir | Banco.az

Bernanke 2014-cü ildə ABŞ iqtisadiyyatında yüksəliş müşahidə olunacağını iddia edir

Federal Ehtiyat Sisteminin (FES) sədri Ben Bernanke ABŞ iqtisadiyyatında mənfi amillərin təsirinin azaldığını və 2014-cü ildə nəzərəçarpacaq dərəcədə artımın müşahidə olunacağını bildirir.

Filodelfiyada təşkil edilmiş Amerika İqtisadi Assosiasiya üzvlərinin illik iclasında FES-nin rəhbəri Bernanke öz çıxışında bildirmişdir: “Maddi rifahın mövcudluğu, mənzil bazarının tarazlıq səviyyəsinin yüksəlməsi, maliyyə məhdudiyyətlərinin azalması və stimullaşdırıcı pul-kredit siyasətinin davam etdirilməsi gələcəkdə ABŞ iqtisadiyyatının inkişafına dəlalət edən əlamətlərdir.”

Bütün bunlarla yanaşı, Bernanke ölkədə işsizlik səviyyəsinin hələ də yüksək olduğunu qeyd etməyi unutmamışdır. Hal-hazırda ABŞ-da işsizlik səviyyəsi 7% təşkil edir. Bernanke işsizlik səviyyəsinin yüksək olmasının iqtisadiyyatın inkişafına mane olan əsas səbəblərdən biri hesab edir. O bildirir ki, sıfra yaxın faiz dərəcələri, Federal Ehtiyat Sistemi ilə bazarlar arasında qarşılıqlı əlaqənin təmin edilməsi metodları və qiymətli kağızların alışı hesabına ABŞ tənəzzül və durğunluq dövründən xilas ola bilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Ben Bernanke 2014-cü ilin 31 yanvar tarixində öz vəzifəsindən istefa verəcək. Gözlənildiyi kimi, onu hal-hazırda FES-nin sədr müavini vəzifəsini icra edən Canet Yellen əvəz edəcək.

Federal Ehtiyat bankları rəbərlərinin iştirak etdiyi konfransda Nyu-York regional bankının sədri Uilyam Dadli öz çıxışı ilə fərqlənmişdir. O, çıxışı zamanı dövlət istiqrazlarının ödənilməsinin iqtisadiyyata təsirinə diqqət ayırmağın önəmli olduğunu vurğulamışdır.

Bostondakı Federal Ehtiyat bankının rəhbəri Erik Rozenqren bildirmişdir ki, inflasiyanın səviyyəsi 2%-dən aşağı olduğu təqdirdə, FES stimulların ləğv edilməsinə tələsməməlidir. Rozenqren inflasiyanın hədəf səviyyəsindən aşağı, işsizlik göstəricisinin isə hədəf səviyyəsindən yüksək olduğu bir dövrdə Mərkəzi Bank rəhbərlərinin stimullaşdırmanın azaldılması üçün səy və qüvvə sərf edəcəyini bildirmişdir.

Banco.az/ Sevinc İbadova