Müəllif:Ayşən İmanova/Banco.az
Aİ-92 markalı benzindən sonra Aİ-95 markalı benzin də dövlət tərəfindən qiyməti tənzimlənən məhsullar siyahısına daxil edilib.
Banco.az xəbər verir ki, iqtisadçı Naqif Cəfərlinin fikrincə, Aİ-95 markalı benzinin əvvəllər də dövlət tərəfindən qiymət tənzimləməsi aparılsa da, sonradan Nazirlər Kabineti bu markalı benzinin azad bazar şəraitində qiymətlənməsinə dair qərar qəbul edib:
“Aİ-95 markalı benzin əsasən SOCAR və onun törəmə şirkətləri tərəfindən idxal edildiyi üçün bazar qiymətini də onlar müəyyən edirdilər. Hazırda isə bu proses yenidən dövlət tənzimləməsinə qaytarılıb,” – deyə iqtisadçı bildirib.
Naqif Cəfərli həmçinin Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətlərindəki artımdan da bəhs edib:
O bildirib ki, dizel yanacağı qiyməti 25% artaraq ciddi bahalaşıb, Aİ-92 markalı benzin isə 10% qiymət artımı ilə əhəmiyyətli dərəcədə bahalaşıb.
İqtisadçı bu qiymət artımlarının yalnız Tarif Şurasının qərarları ilə tənzimlənməsini qeyri-məqbul hesab edir. Onun fikrincə, qiymət artımının qanunvericilik çərçivəsində müəyyən ediləcək konkret mexanizmlərlə tənzimlənməsi daha məqsədəuyğun olardı.
Naqif Cəfərli qiymət tənzimlənməsində mexanizmlərin tətbiqini təklif edir:
“Qiymət artımı yalnız iqtisadi əsaslandırılmış qaydalarla həyata keçirilməlidir.
Əgər dünya bazarında neftin qiyməti azalırsa, Tarif Şurası da müvafiq olaraq qiymətləri aşağı salmalıdır. Qanunvericiliklə qiymət artımına dair müəyyən məhdudiyyətlər qoyulmalıdır ki, qiymət dəyişiklikləri yalnız obyektiv səbəblərə əsaslansın”.