Benzin ucuzlaşa bilər | Banco.az

Benzin ucuzlaşa bilər

Avqustun 6-sından etibarən ölkəmizdə “Premium Avro-95” benzininin qiyməti 4 qəpik artaraq 97 qəpik olub

Bakıda və rayonlardakı yanacaqdoldurma mərkəzlərinin bir çoxunda “Premium” markalı benzin 97 qəpikdən satılır. Aİ-92-nin və dizel yanacağının qiymətlərində isə dəyişikliyin olmayacağı bildirilib. 

Tarif Şurasının benzinin bahalaşmağı ilə bağlı məlumatında qeyd olunur ki, Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli qərarına əsasən, ölkəyə idxal olunan Avro-5 ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına aid edilməyib. Bu, “Premium Avro-95” və “Super Avro-98” benzininin daxili bazarda sərbəst qiymətlərlə satışına imkan verir.

Ekspertlər bunu Azərbaycanda “Premium Avro-95” benzinin istehsalının dayandırılması ilə əlaqələndirirlər. Ekspertlər hesab edirlər ki, Ümumiyyətlə Azərbaycanda əvvəllər də yüksək oktanlı benzinin istehsalı üçün texnologiya olmayıb. Bu 92 markalı benzinə aşqarların əlavə edilməsilə onun oktan dərəcəsi artırılıb. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban  açıqlamasında bildirib ki, ölkədə benzinə olan təlabat artdığından hökumət belə qərara gəldi ki, bütün gücü 92 markalı benzinin istehsalına sərf etsin. 95 markalı benzinin isə artıq aşqarlarla deyil, normal keyfiyyətdə olan AVRO4 standartlı premium klaflı 95 markalı benzin gətirilsin. Ekspert bunu ölkə rəhbərliyi tərəfindən vaxtında və düzgün atıan addım kimi qiymtələndirir.

“Əvvəllər istehsal olunan benzinin oktan dərəcəsi kimyəvi yolla artırılırdı. Bu baxımdan da, sürücülər narazılıq edirdilər. Çoxu 95 markalı benzini şəhərlərarası yola çıxanda vururdular. Onlar benzinin havaya uçduğunu bildirirdilər. Tıxaca düşən, yaxud benzin bir neçə gün qalanda, ona vurulan aşqarlar buxarlanırdı. Onun da yerinə 92 markalı benzinin tərkibi qalırdı”, - deyə İlham Şaban bildirib. 

Qeyd edək ki, 2012-ci ilin hesabında Dövlət Neft Şirkətinin hesabatında göstərilirdi ki, 95 markalı benzin təqribən 65 min ton istehsal olunmuşdu. Ölkə daxilində avtomobil benzini isə 1,3 milyon ton benzin istehlak olunurdu. Təxminən 5 faiz 95 markalı benzina təlabat olub.

İlham Şabanın sözlərinə görə, indi bu təlabat daha da azalıb: “Baxmayaraq ki, küçədə bahalı maşınların sayı artıb. Lakin mən müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, “Premium Avro-95”a olan təlabat daha da azalıb. Mən yanacaqdoldurma məntəqələrindən mütəmadi olaraq sorğular aparıram ki, 95 markalı benzinə təlabat nə qədərdir. Bütün yanacaqdoldurma məntəqələrindən bildirilir ki, bu benzinə təlabat daha da azalır”.

Ekspert bildirir ki, Azərbaycanda “Super Avro-98” benzininə olan təlabat çox aşağıdır: “Bəzən yanacaqdoldurma məntəqələrində 98 markalı benzin yazılır. Lakin həmin benzindən heç aylarla istifadə etmirlər. Bir çox yanacaqdoldurma məntəqələrində həmin markalı benzin heç yoxdur. Sadəcə görüntü xatirinə yazırlar. Dövlət Statistika Komitəsinin rəqəmlərinə nəzər saldıqda görərik ki, 2013-cü ildə bir il ərzində Azərbaycana 98 markalı benzindən cəmi 3 min ton yanacaq gətirilmişdi”.

Ən sərfəli kredit üçün müraciət et

Rəsmi statistikaya nəzər saldıqda görərik ki, bu ilin 7 ayı ərzində ölkəyə 38 min avtomobil gətirilib. İlin sonuna qədər bu rəqəm 60 min olacaq. Hər avtomobil də, gündə orta hesabla 5 litr yanacaq işlədərsə, günə 25 min litr yanacaq tələb olunur. Bu təlabat da nəyinsə hesabına ödənilməlidir.

Bu səbəbdən, İlham Şaban hesab edir ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yeni qurğuların yaradılmasına ehtiyac var.

“Ona görə də, ölkə başçısı birinci yarımilliyin yekunlarına həsr olunmuş hökumətin iclasında ARDNŞ-ə tapşırıldı ki, yaxın 3 il ərzində Avro 5 standartına uyğun yanacaq istehsalına keçirilsin. Bununla da, Azərbaycan artıq başqa ölkələrdən benzin almayacaq. Bu da ölkənin daxili təlabatını yeni zavod işə düşənə qədər ödəmək üçün nəzərdə tutulub”, - deyə İlham Şaban bildirib.

Mütəxəssislər “Premium" markalı benzinə olan tələbatı tam şəkildə yerli istehsalatla təmin etdikdən sonra qiymət dəyişikliyini də istisna etmirlər. Bundan sonra "Premium" markalı benzinin qiymətinin bir qədər ucuzlaşacağı gözlənilir. 

Məsələ ilə bağlı Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirmişdi ki, Azərbaycanda yeni zavodlar inşa etmək vacibdir: “Heydər Əliyev adına Neft Emalı Zavodunun ömrünü uzatmağa çalışırıq. Bunun üçün də modernizasiya etmək lazımdır. Məqsədimiz yeni zavodlar işə salınana qədər “Avro 4”, “Avro-5” standartlarına cavab verən benzin istehsal etməkdir. Yeni neft emalı zavodları 2023-cü ildə işə salınacaq. O müddətə kimi bu yenilənmə işlərini yekunlaşdırmalıyıq”.

Rövnəq Abdullayevin sözlərinə görə, emal zavodlarının inşası çətin proses olduğu üçün onu tez bir zamanda etmək mümkün olmur: “Dünyanın nüfuzlu şirkətləri ilə neft emal zavodlarının layihələri üzərində çalışırıq. Heydər Əliyev adına Neft emalı zavodunun ömrünü uzatmağa çalışırıq. Bunun üçün də modernizasiya etmək lazımdır. Məqsədimiz yeni zavodlar işə salınana qədər Avro 4, Avro-5 standartlarına cavab verən benzin istehsal etməkdir. Yeni neft emalı zavodları 2023-cü ildə işə salınacaq. O müddətə kimi bu yenilənmə işlərini yekunlaşdırmalıyıq”.

 

     /Anspress/