Müəllif: Tamara Mustafayeva, Banco.az
Belçikanın bayraqdar aviaşirkəti olan “Brussels Airlines”in cəmi dörd-altı həftəlik təyyarə yanacağı ehtiyatı qaldığı bildirilir.
Banco.az xəbər verir ki, Belçika mətbuatında yer alan xəbərə görə, Avropada baş verən reaktiv yanacaq böhranı “Brussels Airlines” şirkətinə də təsir göstərir.
Yaxın Şərqdəki münaqişənin neft ticarətinə təsiri nəticəsində yaranan qeyri-müəyyənliklər səbəbindən “Brussels Airlines”ın qarşıdakı dörd-altı həftə üçün kifayət edəcək qədər reaktiv yanacaq ehtiyatı var.
Bu müddətdən sonrakı dövr üçün isə aviaşirkət tam gücü ilə fəaliyyətini davam etdirməyə zəmanət verə bilmir.
Reaktiv yanacaq çatışmazlığı səbəbindən uçuşların ləğvi halında sərnişinlərə ödənişlərin geri qaytarılması planlaşdırılır.
“Lufthansa Group”a daxil olan “Brussels Airlines” 90 istiqamət üzrə uçuşlar həyata keçirir. Təxminən 3 min 700 əməkdaşı olan şirkətin 46 təyyarəsi mövcuddur.
Yaxın Şərqdəki münaqişələr və Hörmüz boğazı vasitəsilə daşımaların pozulması səbəbindən Avropada neft və təbii qaz qiymətlərində sürətli artım müşahidə olunub. Xüsusilə reaktiv yanacaq qiymətləri ötən illə müqayisədə iki dəfədən çox artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
