Bəhanələr tez-tez müraciət etdiyimiz, hər an köməyimizə çatan və bizə təsəlli verən dostlarımızdı.
Bir yerdə qərar verib artıq daha yüksək standartlara görə yaşayacağam, istədiyimə nail olmaq üçün əlimdən gələni edib mütləq uğur qazanacağam deyib işə başlayırıq. İlk vaxtlar çox həvəsli və həyəcanlı oluruq, amma nədənsə bir müddət keçdikdən sonra o həvəsi, həyəcanı itiririk və eyni zamanda qalibiyyətə olan inamımız da zəifləyir. Bunun əvvəlki yazılarda da vurğulandığı kimi müxtəlif səbəbləri var. Bunlardan əlavə olaraq bir səbəb də bəhanə gətirmə vərdişimizdir. Bəhanələr adətən hər hansı önəmli bir iş üzərində işləyərkən, həyatında nə isə dəyişiklik etmək, nəyisə daha etməmək, tərgitmək və ya hansısa yeni vərdişə yiyələnmək üçün qərar verdikdə və ya qərar verən andan bir müddət sonra lazım olan kimi, heç gecikmədən ortaya çıxırlar.
Əldə etmək istədiyimiz hər hansı dəyərli bir şey üçün vaxtımızdan, rahatımızdan, bəzi sevdiyimiz şeylərdən fədəkarlıq etməliyik. Özümüzü daha çox kontrol etməli, daha çox çalışmalı, daha az yatmalı, xoşumuz gəlməsə də önəmli və lazımlı işlərə vaxt ayırmalıyıq. Bütün bunlar adət halını almış yaşam tərzimizdə dəyişikliklər etməyimiz, yeni və dissiplin tələb edən və bir az da çətin olan bir proqrama görə yaşamağımız deməkdir. Uğur qazanmağın da ən önəmli sirri budur: etməli olduğun şeyləri istəsən də, istəməsən də; sevsən də, sevməsən də etməli olduğun şəkildə və vaxtda etmək! Bunu düşünmək, bü cür bir insan olduğunu təsəvvür etmək xoş gəlir, amma lazımi fədakarlığı göstərmək çətin və acılı görsənir. Bütün bunlara baxmayaraq “mən edəcəyəm” deyib fəaliyyətə başlayanda mütləq çətinliklərlə mübarizə aparmalı olursan. Bu çətinliklərlə mübarizə aparan vaxtlarda yorğun olanda, həvəzsiz olduqda, bir az şübhəyə düşdüyün anda yeniliyə görə deyil, əvvəlki tərzdə yaşamaq üçün ( bu daha rahat olur) bəhanələrə müraciət edirik. Bu sadiq dostlarımız da hər an xidmətə hazır olduqlarından heç gözləmək də lazım olmur, elə o an hazır olurlar. Bu bəhanələr çox saydadır və hər vəziyyət üçün də uyğun olan birini tapmaq heç də çətin deyil. Bunlara misal kimi
– mən həmişədən belə olmuşam
– bu mənim xasiyyətimdir
– kifayət qədər pulum yoxdur
– buna gücüm çatmaz
– heç kim dəstək vermir / verməyəcək
– vaxdım yoxdur
– özümü hazır hiss etmirəm
– bunun üçün çox yaşlıyam və ya gəncəm
– qorxuludur / risklidir
– çətindi və s…
Bunlar hər kəsin tanış olduğu və əksəriyyətin bəhanə olaraq deyil də gerçək səbəblər olaraq istifadə etdiyi əsassıs bəhanələrdir. Çoxları möcüzə gözləyirik ki, nə isə bir şey olsun və heç bir əziyyət çəkmədən, fədakarlıq etmədən, oturduğu yerdən istədiyinə nail olsun. Amma unutmamaq lazımdır ki, yataraq uğur qazanan, istədiyinə nail olan sadəcə toyuqlardır.
Halbuki çalışmaq, hər hansı bir önəmli hədəf uğrunda əziyyət çəkmək, fədakarlıq etmək, yuxusuz qalmaq, önəmsiz hər bir şeyə, hər gülünc bəhanəyə böyük bir YOX deyib, günlərini faydalı bir şəkildə keçirmək bir fəzilətdir. Vaxt sürətlə keçərkən o dəyərli anlara bəhanələr gətirməkdənsə, az da olsa nə isə etmək daha düzgün və məntiqli deyilmi?!
Bəhanə gətirmək səni istədiyin hədəflərdən uzaqlaşdırmaqdan, özünə olan inamını zəiflətməkdən, özünü heç nəyə layiq olmayan, dəyərsiz, bacarıqsz bir insan kimi görməkdən başqa heç nəyə yaramır.
Düşünək ki, iki nəfər var. Hər ikisi də əldə etmək isdədikləri şeylər üçün işləməyə çalışmağa başlayır. Başlanğıcda hər ikisi də həvəsli, inamla başlayır, bir müddət keçdikdən sonra çətinliklərlə üzləşəndə biri bunu necə aşa bilərəm deyə düşünür, yollar axtarır və nə etmək lazımdırsa istəsə də, istəməsə də onu edir və bəhanə gətiməyə nə səbəbi, nə də vaxtı olur. Digəri isə sanki səbirsizliklə gəlmələrini gözlədiyi çətinliklərlə üzləşdiyi anda özünün “haqlı” olduğunu sübüt etmək üçün durmadan şikayətə əl atır. Bu zaman da bəhanələr köməyinə çatır. Gətirdiyi səbəblər ola bilər həqiqətən də ona mane olsun, amma hər maneə də üzərindən aşmaq və istədiyinə nail olmlaq üçün bir vasitədir. Şikayət etmək, bəhanələr gətirmək üçün əsaslı bir səbəb deyil. Bu nümunədən də gördüyümüz kimi bu iki nəfərin hər biri hadisəyə yanaşma tərzinə uyğun nəticələr əldə edir. Çətinliklərə özünü sınamaq, sübut etmək, iradə gücünü, qətiyyətini, əzmini daha da gücləndirmək üçün bir sınaq kimi baxan hər mücadiləsindən sonra özünə olan inamını daha da gücləndirdiyi kimi, digəri bunu özünü əziyyətdən, fədakarlıq etməkdən canını qurtarmaq, işin doğrudan da imkansız olduğuna ətrafdakıları və özünü inandırmaq üçün bəhanələri həvəslə, mümkün hər anda və hər yerdə anlatmağa başlayır. Bu da ona olduğu yerdə qalmağa və daim yaşaya biləcəyindən daha aşağı bir səviyyədə bir həyatı yaşamağa səbəb olur.
Bəhanələrlə yaşamaq və nəticədə, özümüzə olan inamımızı itirmək, istədiklərimizi realda deyildə sadəcə xəyallarda yaşamaq, ya da bunun əksinə zehnimizə gələn hər bəhanəni rədd edib ən yüksək standartlara görə həyatımızı davam etdirmək bizə qalmış bir seçimdir. Allahın da bildirdiyi kimi hər insan çalışdığının qarşılığını görər.