Müəllif: Gülnar Əhmədli, Banco.az
Ölümündən sonra bədəninin gələcək elmi inkişaflarla yenidən həyata qaytarıla biləcəyi ümidi ilə dondurulmuş Ceyms Bedford elmi fantastikanın bir qəhrəmanıdır. Psixologiya professoru olan C. Bedford hələ də kriogen balondadır və bir gün oyanacağı vaxtı gözləyir.
Tarixin krionik macərasına öncülük edən ad, dünyanın ilk dondurulmuş insanı Ceyms Bedford kimdir?
Bedford 20 aprel 1893-cü ildə anadan olmuş psixologiya professoru kimi tanınır. Ömrü boyu akademik sahədə uğurlu karyera quran Bedford ümumən sakit və tənha bir həyat sürüb. Ancaq onu kitablara salan nə peşəsi, nə də akademik uğurları olub. Belə ki, o, 1967-ci ildə kriogen dondurulmaya məruz qalan ilk insan kimi məşhurlaşdı. Onun bu addımı ictimaiyyət və elm aləminə ciddi təsir edib. Bu yenilikçi və cəsarətli addımı ilə Bedford gələcəkdə bir gün həyata qaytarılma ümidinə sahib olan ilk insan oldu.
Ceyms Bedfordun dondurulması 1967-ci ildə Los-Ancelesdəki "Alcor Life Extension Foundation" tərəfindən həyata keçirilib.
O zaman xərçəngdən əziyyət çəkdidiyi bilinən Bedfordun bədəni maye azotdan istifadə edilərək təxminən -196 dərəcəyə qədər soyudulmuş və o vaxtdan bəri bu temperaturda saxlanılır. Kriogen dondurma həyəcan verici və elmi fantastika üsulu olsa da, hələ də mübahisəli məsələdir. Bu gün bu texnologiyanın bir gün donmuş bədənləri həyata qaytara biləcəyi qəti şəkildə sübuta yetirilməyib.
Bedfordun kriogenikaya marağı o dövrdə elmin inkişafı ilə bağlı idi. Xüsusilə 1960-cı illərdə ömrü uzatmaq və ölümdən sonra həyata qayıtmaq ideyası ilə bağlı müxtəlif nəzəriyyələr müzakirə olunurdu.
O dövrdə kriogen texnologiya hələ çox yeni olsa da, bu barədə optimist bir atmosfer var idi. Bedford xərçənglə mübarizə apararkən bu perspektivli texnologiyaya inanırdı və ölümündən sonra yenidən həyata qaytarılacağına ümid edirdi. Qərarına təsir edən ən böyük amil elmin bir gün xərçəngi sağalda biləcəyinə və ölü cəsədləri dirildəcəyinə inanması idi. O, bu prosesdə könüllü iştirak edərək tarix yazmağı bacarıb.
Ceyms Bedfordun dondurulması sadəcə elmi təcrübədən kənara çıxmadı, eyni zamanda bəşəriyyətin ölümlə mübarizəsində ən radikal addımlardan biri kimi tarixə düşdü.
Bəs həqiqətən Ceyms Bedford və onun kimi donmuş insanları həyata qaytarmaq olarmı?
Bu sualın cavabı hələ də aydın deyil. Bəlkə bir gün Ceyms Bedfordun gözlərini açdığını və texnologiyanın ona yeni həyat verdiyini görəcəyik. Lakin o vaxta qədər Bedfordun adı elmdəki bu cəsarətli təcrübə və ölümsüzlük axtarışı ilə bağlı qalacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!