"BBF-ə olan maraq gözlədiyimizdən də artıq oldu" | Banco.az

"BBF-ə olan maraq gözlədiyimizdən də artıq oldu"

Baku Business Factory-nin direktoru Prof. Dr. Əlövsət Müslümovla apardıqdığımız müsahibəni təqdim edirik:

Əlövsət bəy, ilk öncə müsahibə üçün razılıq verdiyiniz üçün təşəkkür edirik.

Məlum olduğu kimi, karyera yolunuzda həm müəllim, həm məsləhətçi, həm iqtisadçı, həm də rəhbər vəzifələrində çalışmısınız. Bilmək istərdim bu müxtəlif sahələri sizdə birləşdirən nə olub?

"Təklifiniz üçün mən təşəkkür edirəm.

 Rəhbər sözünün kəlmə mənası yol göstərən deməkdir. Yol göstərmə, tələbələrinin yoluna işıq salma eyni zamanda müəllimin əsl vəzifəsidir. Bu mənada rəhbər müəllimlə eyni işi görür - tələbəsinin və ya işçisinin işgörmə qabiliyyətini davamlı artıraraq ona dəyər qazandırır. Müəllim və rəhbər eyni zamanda öz tələbəsinin və işçisinin karyera yolunda məsləhətçisidir. Müəllim və ya rəhbər, tələbəsinin və ya işçisinin düşünmə tərzini araşdırır, ona davamlı yaxşılaşdırma prinsipi əsasında çalışmağı öyrədir, komanda çalışmasını təşviq edir, insana hörməti və öyrəndikləri ilə meydan oxumağı öyrədir.

Bizim görməyə alışdığımız ətrafına əmr yağdıraraq, qaşlarını çatan və ətrafındakı insanları inkişaf etdirməyib, onların karyera yolunu əngəlləyən insanlar sözün əsl mənasında rəhbər deyildir. Sadəcə, vəzifəni işğal edərək, cəmiyyətin inkişafını əngəlləyən insanlardır."

Sizcə, uğurlu iş həyatı üçün vacib olan əsas məqamlar nələrdir?

Bir insan iş həyatında uğur qazanmaq üçün ömür boyu özünü inkişaf etdirməlidir. Bu yolda heç zaman mükəmməl olmadığını bilməli və mükəmməl olmaq üçün ciddi şəkildə əmək sərf etməlidir. Bunun üçün özünü inkişaf etdirməyə meyilli olmalı və davamlı olaraq öyrənməyə açıq olmalıdır. Hər gün zəifliklərini qiymətləndirməli və nəyi yaxşılaşdıra biləcəyini düşünməlidir. Belə bir düşüncə sisteminə sahib olan bir insan özünü davamlı olaraq tənqid edə bilməlidir. Bu yolda, öyrətmək üçün bilgilərə və həyat təcrübəsinə sahib olan və özlərini inkişaf etdirmiş insanlara dərin hörmət etməlidir. Özünü inkişaf etdirən insan eyni zamanda başqalarını da inkişaf etdirmə məsuliyyəti də daşıyacaqdır. 

Hazırda BBF-in direktoru vəzifəsini də icra edirsiniz. Bir az bu barədə danışa bilərikmi?

Bəli, “Baku Business Factory” təsis edildiyi gündən bəri təşkilatın direktoru vəzifəsində çalışıram. BBF gənclərin biznes təşəbbüslərini dəstəkləmək üçün elə özü də gənc olan iş adamı Anar Əlizadə tərəfindən təsis edilib. 18 aydan çoxdur ki, fəaliyyət göstərən təşkilat hazırda 20-dən çox layihəyə dəstək göstərir. Bu layihələr ən yüksək texnologiyalardan tutmuş kənd təsərrüfatına kimi müxtəlif sektorları əhatə edir.  Biz bu layihələrə maddi-texniki dəstəkdən tutmuş müxtəlif mövzularda təlim və mentorluq proqramlarına kimi işlərlə yardımçı olmağa çalışırıq.

Necə düşünürsünüz, fərqli sahələrin nümayəndələrinin bir məkanda toplaşması, biznes mühitinə necə təsir göstərir?

Məncə, yeni yaranan bizneslər üçün belə bir imkanın olması onların inkişafı üçün çox müsbət haldır. Fərqli sahələrdə olan bizneslər fərqli bacarıqda olan mütəxəssislər tələb edir. Belə mütəxəssislərin bir yerə toplaşaraq işləməsi onlar arasında bilgi və təcrübə paylaşmasına gətirib çıxarır, bu da istənilən biznes üçün çox faydalıdır. Eyni zamanda bu startaplar bir-birləri ilə biznes əlaqələri qurub bir-birinin xidmət və məhsullarından istifadə edirlər. Digər bir üstünlük də əlaqələrin qurulmasıdır. Bu gün netvörkinq bizneslər üçün olduqca vacib xarakter daşıyır. Bunlarla yanaşı, startapların bir məkana toplaşmasının başqa faydalarını sıralaya bilərik, amma bu 3 faktor olduqca mühüm əhəmiyyət kəsb edir.

Ən sərfəli kredit üçün müraciət et

Artıq bir ildən çoxdur ki, BBF fəaliyyət göstərir. Maraq və fəallıq necədir? Artım müşahidə olunurmu?

BBF-yə maraq və eləcə də fəallıq gözlədiyimizdən də artıq oldu. Fəaliyyətə başladıqdan qısa müddət sonra müxtəlif təşkilatlardan, şirkətlərdən və universitetlərdən əməkdaşlıq haqqında təkliflər almağa başladıq. Eləcə də media qurumları işlərimizlə yaxından maraqlanır. Öz fəaliyyət göstərdiyimiz sektorda isə həm bizimlə oxşar işləri görən təşkilatlar, həm də startaplarla əməkdaşlıqlar aparırıq. Təşkilat yarandığı gündən bu yana xidmətlərimizdən istifadə üçün 700-ə yaxın müraciət qəbul etmişik. Onlardan 30-dan çoxuna öz bizneslərini qurmaqda və inkişaf etdirməkdə dəstək olmuşuq və olmaqda davam edirik.

Gördüyümüz qədəri ilə BBF xarici ölkələrlə əməkdaşlıq çərçivələrini genişləndirir. Bu əlaqələrdən gözləntiləriniz nələrdir?

Hazırda, bizim üçün ən prioritet məsələlərdən biri beynəlxalq əlaqələri gücləndirməklə mərkəzimizdəki startapların beynəlxalq bazara çıxmasına dəstək tapmaq və beynəlxalq zəmində təcrübə bölgüsü aparmaqdır. Bu işlərin nəticəsi olaraq əsasən 3 şeyə nail olmağı planlaşdırırıq. Birincisi, startaplarımızın dünya bazarına çıxmasına şərait yaratmaq və onları bu müddət ərzində dəstəkləmək. İkincisi, startaplarımızın, eləcə də özümüzün beynəlxalq təcrübədən yararlanması. Sonuncusu isə xarici investorların startaplarımızın maliyyələşdirilməsinə cəlb edilməsidir. Bunlara nail ola bilsək, ümumi iqtisadiyyatımız üçün də 3 ciddi nailiyyət yaranacaq: birincisi, yerli startapların beynəlxalq brendə çevrilməsi üçün yol açılacaq, ikincisi, ölkəmiz özü ideya qəbul edən ölkələrdən birinə çevriləcək, bu da iqtisadi şaxələnməni daha da artıracaq, üçüncüsü və ən vacibi isə startaplarımızın beynəlxalq bazarda uğurlu çıxış etməsi ilə ölkə iqtisadiyyatı üçün əlavə dəyər yaradılacaq.

Gələcəkdə BBF-nin ikinci bir filialının açılması gözlənilirmi?

Yaxın 1 illik planımızda yeni ofisin açılması yoxdur. Lakin ümumilikdə bütün digər təşkilatlar kimi bizim də böyümə hədəflərimiz var. 

Yeni biznes yaradan insanlara ən vacib məsləhətiniz nə olardı?

Bir şey yaratmaq istəyində olan bir insan yaxşı fikirlər seçməli və ondan möhkəm yapışmalıdır. Yeni bir təşəbbüs ortaya qoymaq dərin bir şəkildə öyrənməyi, ciddi şəkildə  sorğulamanı, diqqətli düşünməni, fərqlilikləri çox açıq şəkildə ortaya qoymağı və fikirləri ciddi şəkildə həyata keçirməyi əhatə etməlidir. Burada əsas məqamlardan biri odur ki, başa düşmədiyi, öyrənə bilmədiyi və ya çox təşəbbüs göstərdiyi halda anlaya bilmədiyi bir şey varsa, ondan vaz keçməməlidir. Əgər başqa birisi əmək sərf edib o işi həyata keçirə bilirsə, o yüz dəfə daha çox əmək verəcəkdir. Əgər başqa birisi on dəfə əmək verirsə, o min dəfə əmək verəcəkdir. Əgər yeni bir şey yaratmaq istəyən insanlar belə bir əmək sərf etməyə hazırdırsa, mütləq şəkildə onun fikirləri həyata keçəcəkdir.