Bayram günlərində rayon marşrutlarına 200-dən artıq əlavə avtobus çıxarılacaq | Banco.az

Bayram günlərində rayon marşrutlarına 200-dən artıq əlavə avtobus çıxarılacaq

Bayram günləri ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sahə rəisi Məhəmməd Abdullayev deyib.

Onun sözlərinə görə, bayram günlərində sərnişin sıxlığının yaranmaması üçün kompleksə əlavə nəqliyyat vasitələri cəlb edilib:

"Dekabrın 25-dən Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçib. Artıq sərnişinlərin sayında əhəmiyyətli dərəcədə artım var. Dekabrın 29-dan sərnişinlərin sayı adi vaxtlarla müqayisədə 2 dəfə artıb. Əgər adi günlərdə gün ərzində 300-ə qədər nəqliyyat vasitəsi ilə 7min 500 sərnişin yola salınırdısa, dekabrın 29-da 500-dən artıq nəqliyyat vasitəsilə 13 min nəfərdən çox sərnişin yola salınıb. Gücləndirilmiş iş rejiminə keçəndən sonra marşrutlara 200-dən artıq əlavə nəqliyyat vasitəsi cəlb etmişik. Dekabrın 30-31-də sərnişinlərin sayında artım gözləndiyi üçün bu günlərdə yenidən əlavə nəqliyyat vasitələrinin cəlb edilməsi gözlənilir. Çünki həmin günlərdə gün ərzində 16-18 min nəfər sərnişinin daşınması nəzərdə tutulur".

Ən sərfəli kredit üçün müraciət et

M. Abdullayev qeyd edib ki, təmsil etdiyi qurum yanvarın 7-dək gücləndirilmiş iş rejimində işləyəcək.

Mənbə: Trend.az