Bankların növləri | Banco.az

Bankların növləri

  Bankların üç növü mövcuddur:

Kommersiya bankları

Azərbaycanda ən çox yayılmış bank növü - bizim bildiyimiz depozitləri qəbul edən və kredit verən banklara kommersiya bankları deyilir.

Başa düşdüyünüz kimi, depozit almaq və kredit vermək - kommersiya bankçılığının əsas funksiyasıdır. Kommersiya bankı adlanmaq üçün bir təşkilatın təkcə depozit almaq və kredit vermək hüququna malik olması kifayətdir. Lakin banklar yarandığı vaxtdan bu günə təkamül edərək bir çox digər yan xidmətləri də təklif etməyə başlamışdır. Bu yan xidmətlərə cari hesabların açılması, pul köçürmələri, valyuta mübadiləsi və s. kimi xidmətlər daxildir. 

 İnvestisiya bankları

 İnvestisiya bankları şirkətlərə, təşkilatlara və hətta dövlətlərə bazara qiymətli kağız (istiqraz, səhm və s.) çıxardaraq pul əldə etməkdə    köməklik göstərir. 

 Məsələn:

 Bir şirkət, pula ehtiyacı varsa, bankdan kredit götürməkdən savayı digər yollara əl ata bilər. Bu məqsədlə şirkət, məsələn, maliyyə bazarına  istiqraz çıxara bilər. Buna alternativ olaraq, şirkət maliyyə bazarına həmçinin səhm çıxardıb özünün bir hissəsini sataraq pul əldə edə bilər. 

 Hər iki halda şirkət bütün işi investisiya bankına həvalə edir. İnvestisiya bankı şirkətin qiymətləndirməsini həyata keçirir, bütün administrativ işləri görür və qiymətli kağızların maliyyə bazarında satılmasında köməklik göstərir. 

Ən sərfəli kredit üçün müraciət et

İnvestisiya bankların digər əsas funksiyası isə bir şirkətə digər şirkəti satın almağı üçün lazım olan bütün işlərin görülməsidir.

İnvestisiya bankları depozit qəbul etmirlər və kredit vermirlər.

İnvestisiya bankları da tarix boyunca bir çox yan xidmət təklif etməyə başlamışdır. Bunlara pulların yatırılması üzrə konsultasiya xidmətləri, bilavasitə maliyyə fondların və özəl hesabların idarə edilməsi və s. xidmətlər daxildir.

Mərkəzi banklar

Bir ölkənin yalnız bir mərkəzi bankı olur. ABŞ-dakı mərkəzi bank Federal Rezerv adlanır, Almaniyanın mərkəzi bankı Bundesbank və s.

Mərkəzi bankın əsas funksiyası - ölkə iqtisadiyyatındakı faiz dərəcələrinin tənzimlənməsi, bank əmanətçilərinin maraqlarının qorunması, bankların dürüst fəaliyyət göstərməsi, ölkədəki inflyasiyanın sabit saxlanmasıdır.

Əlavə qeydlər

Yaxın sahə olduğu üçün bir çox bank həmçinin özünün sığorta şirkətini yaradaraq sığorta xidmətlərini də təklif edir. Amma sığorta biznesi bankın yan xidməti deyil, ayrı bir biznesdir və, öz-özlüyündə, bankçılığa birbaşa aidiyyatı yoxdur.

Eyni zamanda qeyri-bank kredit təşkilatları da mövcuddur ki, yalnız kredit verə bilirlər və bunların depozit qəbul etmək hüququ yoxdur. Bunlar yalnız özəl səhmdarların kapitalından istifadə edərək kreditlər verə bilirlər. Həmçinin, banklardan fərqli olaraq, bunların yan xidmətləri də olmur.

alverchi.blogspot.com

Ən sərfəli krediti almaq üçün müraciət et