Bankların dollar tələbi artır - Səbəb nədir? | Banco.az

Bankların dollar tələbi artır - Səbəb nədir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Mərkəzi Bankın dekabrın 5-də keçirdiyi son hərracda bankların dollar tələbi 95,1 milyon ABŞ dolları olub. Bununla dollara tələb ilin əvvəlindən bəri ilk dəfə 100 milyon dollara yaxınlaşıb. 

Bu isə noyabrın 30-da keçirilən hərracla müqayisədə 17,3 milyon dollar və ya 22,2% çoxdur. Son hərraclarda tələbdə yüksəliş davam edir. Belə ki, ötən ayın sonundan etibarən bu artım davam edir. 

Banco.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov mövzu ilə bağlı bildirib ki, valyuta hərraclarında dollara tələbin yenidən artması müşahidə olunur:

"Son 3 hərracda 241.1 milyon dollar satılıb. Digər tərəfdən, son 3 hərracda hər satış əvvəlkindən daha çox olub. Əgər noyabrın 28-də keçirilən hərracda 68.2 milyon dollarlıq tələb yaranmışdırsa, ötən ayın son günündə 77.8, dünən isə 95.1 milyon dollarlıq sifariş olub.

Dollara tələbin artması daha çox mövsümi faktorlar ilə bağlıdır. Belə ki, dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir. Öncədən proqnozlaşdırıldığı kimi, dekabrda dollara tələbin artması gözlənilən idi. Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır". 

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçının sözlərinə görə, dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib: "Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də gələn il manatın məzənnəsinin necə dəyişməsi birbaşa AMB-nin mövqeyindən asılı olacaq". 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et