Müəllif: Gülbəniz Hüseynli/Banco.az
2024-cü il noyabr ayının 1-nə Azərbaycanda bankların depozit portfeli maliyyə institutları istisna olmaqla 34 milyard 373.9 milyon manat təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozit portfeli əvvəlki ayla müqayisədə 4.7% və ya 1 milyard 685 milyon manat azalıb.
Son bir ayda hüquqi şəxslərin banklardan 1.8 mlrd. manatdan çox depoziti geri çəkilməsi, bankların depozit portfelinin kəskin azalması səbəbləri barədə iqtisadçı Xalid Kərimli Banco.az-a açıqlama verib.
İqtisadçı bildirib ki, bu mövzu devalvasiya ilə əlaqəli məsələlər deyil, əksinə, şirkətlərin ödəmə prosesləri və qrafiklərindən ibarət bir situasiyadır. İqtisadçı deyib ki, burada əsas diqqət neft və qaz sektorundakı şirkətlərin xarici valyutada olan borclarının ödənilməsinə yönəlib.
Xalid Kərimlinin fikirlərinə görə, hətta, noyabr ayında hüquqi şəxslərin depozit qalıqları artıb. Dekabrda isə daha böyük rəqəmlərin ortaya çıxacağı gözlənilir:
“Mərkəzi Bank tərəfindən bildirilib ki, bu, sırf pul vəsaitlərinin hərəkəti və borcların planlı şəkildə ödənilməsi ilə bağlıdır. Ödəmələr qrafik üzrə toplanıb və bir anda həyata keçirilib. Bununla əlaqədar olaraq, hüquqi şəxslərin depozitlərinin müəyyən dövrdə azalması müşahidə edilib, lakin bu, təsadüfi bir vəziyyətdir və ciddi narahatlığa əsas yoxdur”.
İqtisadçı qeyd edib ki, hüquqi şəxslərin davranışında hər hansı devalvasiya riski ilə əlaqədar dəyişikliklər müşahidə olunmayıb. Bu sadəcə, həmin dövrdə iri məbləğli ödəmələrin təsadüfən üst-üstə düşməsidir:
“Yəni təsadüf nəticəsində böyük həcmdə ödəmələr həmin dövrə düşüb. Sonradan yenidən noyabr və dekabr aylarında hüquqi şəxslərin vəsaitlərinin artdığı bildirilib. Dekabr ayının yekun rəqəmləri yəqin ki, mətbuatda işıqlandırılacaq. Ümumi şəkildə bu, sırf şirkətlərin borc ödəmə davranışıdır. Çünki şirkətlərin vəsaitlərinin hərəkəti üzərində ciddi nəzarət var. Mövcud qanunvericiliyə görə, şirkətlərin nəğd ödəmələri 30,000 manata qədər məhdudlaşdırılıb.
Hər hansı kütləvi pul çıxarışı, manipulyasiya və ya spekulyasiya ilə bağlı iddiaların əsası yoxdur. Pul köçürmələri və digər maliyyə əməliyyatları "Valyuta tənzimi haqqında" qanuna uyğun şəkildə həyata keçirilir. Buna görə də, bu vəziyyət sırf şirkətlərin adi maliyyə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədardır”.
Bizi sosial şəbəkələrdən izləyin!!