Banklardakı əmanətlərdən tutulan vergi ilə bağlı- Geniş açıqlama | Banco.az

Banklardakı əmanətlərdən tutulan vergi ilə bağlı- Geniş açıqlama

Aşağıdakı məlumat 2015-ci ilə aid olan məlumatdır. 2023-cü ilin 31 yanvar tarixinə bu məsələ ilə bağlı ən son xəbəri oxumaq ümün bu xəbərə keçid edin - https://banco.az/az/news/sabahdan-emanetler-vergiye-celb-olunacaq

 

Söhbət əhalinin banka qoyduğu puldan deyil, ona hesablanmış faizdən gedir... 

Son günlər mediada bankların vətəndaşların əmanətlərindən onların xəbəri olmadan 10 faiz həcmində vergi tutması ictimaiyyət arasında ciddi narahatlığa səbəb olub. Günlərdir bir sıra mediada və sosial şəbəkədə müzakirə olunan məsələ hələ də tam açılmayıb. Cavabdeh qurumlar niyəsə məsələ ilə bağlı geniş açıqlama və izahat vermək istəmirlər. Hətta bu, əhalidə bankların növbəti soyğunçuluğu kimi başa düşülmüşdü.

Bu məsələdə bir sıra qaranlıq məqamların olduğunu nəzərə alaraq “Qafqazinfo” kiçik bir araşdırma aparıb. Adıçəkilən məsələ ilə bağlı ilk dəfə mediada iqtisadçı ekspert Məhəmməd Talıblı məlumat vermişdi. Ekspert əmanətçiləri xəbərdar etmədən onların gəlirlərindən vergi tutulmasını qeyri-qanuni olduğunu bildirmişdi.

5 illik güzəşt bitdi

Araşdırmalardan sonra məlum oldu ki, vətəndaşların əmanətlərindən vergi tutulması əslində qanunidir. İqtisadçıların fikrincə, burada mühüm məsələ ondan ibarətdir ki, əmanətçilərin ötən illərdə banka qoyduğu vəsaitlərinin 31 dekabr 2014- ci ilə qədər hesablanmış faizlərindən vergi tutula bilməz. Vergi yalnız 2015-ci ildəki gəlirlərə aiddir. 

Xatırladaq ki, ilk dəfə vergi güzəştləri 1999-cu ildən başlayaraq tətbiq edilib və həmin dövrdən etibarən banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər gəlir vergisindən azad edilib. Həmin güzəştin qüvvədə olma müddəti 2014-cü ilin 31 dekabr tarixində başa çatıb. Ona görə də yanvar ayının 1-dən etibarən vətəndaşların əmanətləri yenidən vergiyə cəlb olunub.

Vergi tutulmasa, bu bank üçün qanun pozuntusu hesab edilir

Bankda çalışan mütəxəssislərdən biri də “Qafqazinfo”ya məsələ ilə bağlı açıqlama verib. Mütəxəssisin sözlərinə görə, Vergilər Məcəlləsinin 99.3 maddəsinə görə, faiz gəliri gəlir vergisinə cəlb olunmalıdır. 2009-cu ilin oktyabr ayının 27-nə kimi bu faiz əmanətçilərin gəlirlərindən tutulurdu: “2009-cu ildə prezidentin fərmanı ilə 3 il müddətinə əmanətçilər bu vergidən azad edildi. 2012- ci ildə dekabrın 28-də yenidən ölkə başçısı bu qanunun müddətini bir il də artırdı. 2013- cü ildə qanunun uzadılma müddəti bitdi və yenidən daha bir il müddətinə uzadıldı. Sonuncu fərman 2014- cü ilin dekabrın sonuna qədər qüvvədə idi. 2015- ci ilin yanvarın 1-dən etibarən qanun qüvvədən düşdüyü üçün və Vergilər Məcəlləsində faiz gəlirlərindən vergi tutulması məsələsi nəzərdə tutulduğundan banklar məcburdur ki, vətəndaşların gəlirlərindən vergi tutsunlar. Əks halda, bu bank fəaliyyəti üçün qanun pozuntusu hesab edilir”.

Ən sərfəli kredit üçün müraciət et

Vergilər Nazirliyi və bank rəhbərləri təcili bir araya gəldi

Qeyd edək ki, bu mühüm məsələ ilə bağlı ötən gün Vergilər Nazirliyinin və ölkəmizdə fəaliyyət göstərən bankların rəhbər vəzifəli şəxslərinin iştirakı ilə iclas keçirilib. Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, Vergilər nazirinin birinci müavini Natiq Əmirov banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərə gəlir vergisi üzrə güzəştlərin başa çatması və Milli Məclis tərəfindən qəbul edilmiş “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunla əlaqədar bu gəlirlərin vergiyə cəlb edilməsindəki dəyişikliklər barədə toplantı iştirakçılarına məlumat verib. Vergilər Nazirliyi və Mərkəzi Bank arasında aparılmış məsləhətləşmələrin nəticəsi olaraq bildirilib ki, bank əmanətləri üzrə əldə edilən gəlirlərinin vergiyə cəlb edilməsi müvafiq güzəşt edilən məbləğ (illik 500 manat) nəzərə alınmaqla, 2015-ci ilin yanvarın 1-dən sonra hesablanmış faizlərə tətbiq ediləcək. N.Əmirov bunun balanslaşdırılmış bir qərar olduğunu bildirərək, bununla da, bank ictimaiyyətinin üzləşdiyi mühüm bir narahatlığın aradan qaldırıldığını qeyd edib. Toplantıda iştirak edən Mərkəzi Bankın baş direktoru Rəşad Orucov bank ictimaiyyətinin mövqeyinin nəzərə alınmasını müsbət dəyərləndirərək, bu qərarın ədalətli olduğunu qeyd edib. R. Orucov qəbul edilmiş qərarlar və əmanətlərin vergiyə cəlb edilməsi ilə əlaqədar məsələlərlə bağlı müştərilərin məlumatlandırılmasının zəruriliyini bank nümayəndələrinin nəzərinə çatdırıb.

2014-cü ildə əmanətdən qazanılmış gəlir vergiyə cəlb edilə bilməz

İqtisadçı ekspert Samir Əliyev də sosial şəbəkədə bu məsələ ilə açıqlama yayıb. Bildirib ki, Vergilər nazirinin birinci müavini Natiq Əmirov yeni dəyişikliklə bəyan edib ki, bank əmanətləri üzrə əldə edilən gəlirlərinin vergiyə cəlb edilməsi müvafiq güzəşt edilən məbləğ (illik 500 manat) nəzərə alınmaqla 2015-ci ilin yanvarın 1-dən sonra hesablanmış faizlərə tətbiq ediləcək:” Bu isə o deməkdir ki, 2014-cü ildə əmanətdən qazanılmış gəlir vergiyə cəlb edilə bilməz. Tutaq ki, siz 2014-cü ildə yanvarın 10-da banka illik 10% olmaqla 10.000 manat məbləğində bir illik əmanət qoymusunuz. Və müqaviləyə uyğun olaraq 2015-ci ildə yanvarın 10-da 1000 manat dividend almalısınız. Banklar güzəşt müddətinin bitdiyini bildirərək sizdən 10% vergi (100 manat) tutur. Əslində, bu düz deyil. 2014-cü ildə qazanılan dividendə vergi tətbiq edilə bilməz. Vergi ancaq 2015-ci ildə olan gəlirə tətbiq edilə bilər. Natiq Əmirovun fikri bu məsələni təsdiq edir. Ümid edirəm ki, banklar bu fikri əsas götürüb əmanətçilərdən əlavə pul tutmayacaqlar”. 

Ən sərfəli krediti almaq üçün müraciət et