Azərbaycan Respublikası
Mərkəzi Bankının
İdarə Heyətinin “13”avqust
2015-ci il tarixli qərarı ilə
təsdiq edilmişdir
Protokol № 32
D/reyestr № 310
Banklarda və bank olmayan kredit təşkilatlarında
məsuliyyətli kreditləşmə haqqında
Metodoloji Rəhbərlik
BAKI – 2015
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və onun effektiv mexanizmin hazırlanması, məsuliyyətli kreditləşmə üzrə davranış standartlarının tətbiqi məqsədilə banklara və bank olmayan kredit təşkilatlarına (bundan sonra - kredit təşkilatları) bu Metodoloji Rəhbərlikdə (bundan sonra - Rəhbərlik) göstərilmiş tədbirləri həyata keçirməyi tövsiyə edir.
1.2. Rəhbərliyin icrası kredit təşkilatlarında məsuliyyətli kreditləşmənin stimullaşdırılması, bazar intizamı və şəffaflığın təmin edilməsi ilə bank sektorunda sistem riskləri, kredit portfelinin sürətli artım və konsentrasiya risklərinin azaldılmasına imkan verəcəkdir. Eyni zamanda, istehlakçıların həddən artıq borclanmasının qarşısının alınması və məsuliyyətli borclanma vərdişlərinin inkişaf etdirilməsi ilə maliyyə sisteminin sabitliyinin qorunması, habelə kredit təşkilatlarına ictimai etimadın yüksəldilməsi və kredit riskinin azaldılması bu Rəhbərliyin ümumi məqsədlərini təşkil edir.
2. Anlayışlar
2.1. İstehlakçı – bu Rəhbərliyin məqsədləri üçün maliyyə xidmətlərindən istifadə etmiş, istifadə edən və ya istifadə etmək niyyətini bildirən fiziki şəxs;
2.2. İstehlak krediti – sahibkarlıq və ya peşə fəaliyyəti, habelə daşınmaz əmlakın əldə edilməsi və tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə verilən kredit;
2.3. Aylıq ödəmə – kredit müqaviləsində kreditin qaytarılması üzrə ödəmə qrafiki ilə nəzərdə tutulmuş aylıq ödəmə;
2.4. Aylıq borc yükü – istehlakçının aldığı kreditlər üzrə icra olunmamış öhdəliklər və onun zamin qismində çıxış etdiyi ödənilməmiş kreditlər üzrə qrafiklə müəyyən olunmuş aylıq ödəmələrin ümumi məbləği;
2.5. İstehlakçının gəlirləri – istehlakçının müvafiq sənədlərlə (əmək haqqı barədə iş yerindən arayış, xərclər çıxıldıqdan sonra qalan gəlirlərini təsdiq edən vergi bəyannaməsi, təqaüd barədə təhsil müəssisəsindən arayış, sosial müdafiə orqanları tərəfindən istehlakçıya pensiya və müavinətlərin ödənilməsi haqqında arayış, istehlakçının mövcud depozit hesabları üzrə faiz gəlirlərini təsdiq edən bank arayışı və sabit gəlirləri təsdiq edən digər sənədlər) təsdiq olunmuş sabit aylıq gəlirləri;
2.6. Aylıq borc yükünün gəlirə nisbəti (BYG əmsalı) – fiziki şəxs olan bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit riskinin maksimum miqdarı (bankın kredit tələbinin yuxarı həddi) müəyyən edilərkən borcalanın aylıq borc yükünün onun gəlirlərinə nisbəti;
2.7. Məsuliyyətli kreditləşmə siyasəti – istehlakçıların həddən artıq borclanmasının qarşısının alınmasına yönəlmiş tədbirləri özündə ehtiva edən siyasət;
2.8. Ödəmə qabiliyyətinin qiymətləndirilməsi – istehlakçının kredit öhdəliklərini icra etmə qabiliyyətinin kredit təşkilatı tərəfindən qiymətləndirilməsi;
2.9. Təyinata uyğunluğun qiymətləndirilməsi – ödəmə qabiliyyətinin qiymətləndirilməsinə əsaslanmaqla kredit məhsulunun istehlakçının tələb, məqsəd və ehtiyaclarına uyğunluğunun kredit təşkilatı tərəfindən qiymətləndirilməsi;
2.10. Həddən artıq borclanma – yaşayış səviyyəsini azaltmadan istehlakçının mövcud və gələcək gəlirlərinin onun maliyyə öhdəliklərini icra etməyə kifayət etmədiyi borclanma səviyyəsi.
3. Məsuliyyətli kreditləşmə siyasəti
3.1. Kredit təşkilatı bu Rəhbərlikdə göstərilmiş tələblərin icrası məqsədilə məsuliyyətli kreditləşmə siyasətini hazırlamalıdır. Məsuliyyətli kreditləşmə siyasəti Müşahidə Şurası (BOKT-larda Müşahidə Şurası olmadığı təqdirdə icra orqanı) tərəfindən təsdiq edilir və icra orqanı siyasətin icrasını təmin edir.
3.2. Məsuliyyətli kreditləşmə siyasətinin icrası ildə ən azı bir dəfə daxili audit bölməsi tərəfindən yoxlanılmalı və yoxlamanın nəticələri barədə hesabat Müşahidə Şurasında müzakirə edilməlidir.
3.3. Məsuliyyətli kreditləşmə siyasəti ən azı aşağıdakıları əhatə edir:
3.3.1. maraqlar münaqişəsinin qarşısının alınması prosedurları;
3.3.2. ödəmə qabiliyyətinin qiymətləndirilməsi mexanizmi;
3.3.3. təyinata uyğunluğun qiymətləndirilməsi mexanizmi;
3.3.4. qiymətləndirmənin nəticəsinin istehlakçılara açıqlanması prosedurları;
3.3.5. qeyri-məqbul halların qarşısının alınması prosedurları.
3.4. Kredit təşkilatı kredit məhsulunun marketinqi, anderraytinqi və kreditə xidmət prosesində maraqlar münaqişəsinin qarşısının almaq məqədsilə daxili nəzarət sistemlərini daim nəzərdən keçirməlidir. Maraqlar münaqişəsi müxtəlif funksiya və/və ya fəaliyyət növlərindən yaranacağı hallarda bu cür funksiya və/və ya fəaliyyət növlərinin müstəqilliyi təmin olunmalıdır (məsələn, marketinq və kreditin qiymətləndirməsi). İşçilərin mükafatlandırılması verilmiş kreditlərin həcmindən asılı olduqda kredit təşkilatı məsuliyyətli kreditləşmə prisiplərindən kənarlaşmaların baş verməməsini və bununla əlaqədar məsuliyyətli kreditləşmə və mükafatlandırma siyasətinə müvafiq müddəaların əlavə edilməsini təmin etməlidir.
3.5. Siyasət kredit təşkilatının bütün əməkdaşları, o cümlədən kreditləşmə prosesində iştirak edən əməkdaşlar üçün açıq olmalıdır.
3.6. Siyasət və onun sadə dildə yazılmış qısa icmalı kredit təşkilatının internet səhifəsində aydın oxuna bilən formada yerləşdirməli, habelə kredit təşkilatı və onun filiallarının yerləşdiyi binada yazılı formada istehlakçılara məlumat verilməli və istehlakçılar tərəfindən tələb olunduğu təqdirdə siyasətin tam və ya qısa icmalı onlara təqdim olunmalıdır.
3.7. Kredit təşkilatı kreditləşmə prosesində və müştərilərlə kommunikasiya işində iştirak edən əməkdaşlar üçün müntəzəm olaraq məsuliyyətli kreditləşməyə dair təlim və seminarlar təşkil etməlidir.
4. Kredit təşkilatlarının vəzifələri
4.1. Kredit təşkilatı bu Rəhbərliyin 3-cü hissəsində qeyd olunmuş məsuliyyətli kreditləşmə siyasətini rəhbər tutaraq aşağıdakı vəzifələri daşıyır:
4.1.1. kredit sifarişi ilə əlaqədar istehlakçıdan məlumatın toplanılması və yoxlanılması;
4.1.2. ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
4.1.3. təyinata uyğunluğun qiymətləndirilməsi;
4.1.4. qiymətləndirmə(lər)nin nəticələrini istehlakçıya açıqlanması.
4.2. Kredit təşkilatı müştərinin müraciəti və istəyi olmadan kredit məhsullarını müştəriyə satmamalı və satış prosesi yalnız kredit təşkilatı və onun filialının hüquqi ünvanında həyata keçirilməlidir.
4.3. Kredit təşkilatı yeni kredit məhsulunu ictimaiyyətə təqdim etməzdən 10 iş günü əvvəl həmin məhsulun xüsusiyyətləri barədə Mərkəzi Banka yazılı məlumat verməlidir.
5. Məlumatın toplanması və yoxlanılması
5.1. Kredit təşkilatı istehlakçının ödəmə qabiliyyətinin və təyinata uyğunluğun qiymətləndirilməsi üçün zəruri məlumatları toplamalıdır.
5.2. İstehlakçının ödəmə qabiliyyəti və kreditin təyinata uyğunluğunun qiymətləndirilməsi kredit məhsulunun şərtləri nəzərə alınmaqla qiymətləndirməlidir.
5.3. Kredit təşkilatı ən azı aşağıdakı məlumatları müxtəlif etibarlı mənbələrdən (gəlirini təsdiq edən sənəd, bank hesabından çıxarış, əmlakı üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər, Mərkəzləşdirilmiş Kredit Reyestrinin arayışı və s.) toplamalıdır:
5.3.1. gəlirin məbləği və mənbəyi;
5.3.2. öhdəlikləri və xərcləri;
5.3.3. kredit tarixçəsi;
5.3.4. kredit məhsulunun əldə edilməsi ehtiyacı və məqsədi;
5.3.5. istehlakçının yaşı və himayəsində olan şəxslərin sayı;
5.3.6. gələcəkdə müştərinin maliyyə vəziyyətinə təsir edəcək gözlənilən əhəmiyyətli dəyişikliklər;
5.3.7. əldə olunacaq kreditin digər borclara yönəldiləcək hissəsi.
5.4. Kredit təşkilatı istehlakçıdan istər şifahi, istərsə də müvafiq sorğu vərəqəsinin doldurulması vasitəsilə kredit sifarişi ilə əlaqədar müvafiq məlumatları əldə edir. Sorğu vərəqəsinin müştəri tərəfindən doldurulması və imzalanması kredit təşkilatının istehlakçının ödəmə qabiliyyətinin qiymətləndirilməsi ilə bağlı hərəkətlərini dayandırmamalı və sorğuda göstərilmiş informasiyanın həqiqiliyinin yoxlanılması üçün bütün lazımi tədbirlər görülməlidir.
5.5. Kredit təşkilatı istehlakçını natamam, yaxud düzgün olmayan məlumatların təqdim olunması nəticəsində ödəmə qabiliyyətinin və/və ya təyinata uyğunluğun düzgün qiymətləndirilməməsi və beləliklə də, həmin müştərinin həddən artıq borclana biləcəyi barədə məlumatlandırmalıdır.
5.6. Bu Rəhbərliyin 5.3-cü bəndində nəzərdə tutulmuş məlumat yoxlanılmadan və həqiqiliyinə əmin olunmadan kredit təşkilatı tərəfindən müştəriyə kredit məhsulu təqdim edilməməlidir.
6. Kreditin qiymətləndirilməsi
6.1. Kredit təşkilatı istehlakçının kredit məhsulu üzrə öhdəliklərinin vaxtında icra olunmasına, onun ehtiyac və məqsədinə müvafiq olduğuna əmin olmalıdır.
6.2. Kreditin qiymətləndirilməsi istehlakçının ödəmə qabiliyyəti və kredit məhsulunun təyinatına uyğunluğunun qiymətləndirilməsi kimi iki ardıcıl mərhələdən ibarətdir. Kredit təşkilatı bu Rəhbərliyin 5-ci hissəsinə müvafiq olaraq toplanmış və yoxlanılmış məlumata əsasən istehlakçıların maliyyə vəziyyətini qiymətləndirməli və təyinata uyğun məhsullar təqdim etməlidir.
7. Ödəmə qabiliyyətinin qiymətləndirilməsi.
7.1. Kredit məhsulu verilməzdən əvvəl kredit təşkilatı istehlakçının ödəmə qabliyyətini qiymətləndirməlidir. Ödəmə qabiliyyətinin hərtərəfli qiymətləndirilməməsi istehlakçıların ödəyə biləcəklərindən artıq məbləğdə kredit götürmələri və beləliklə də, həddən artıq borclanma ilə nəticələnə bilər.
7.2. Ödəmə qabiliyyətinin qiymətləndirilməsi zamanı BYG əmsalından istifadə olunur. BYG əmsalı aşağıdakı düsturla hesablanır:
Aylıq borc yükü + yeni kredit üzrə aylıq ödəmə
BYG əmsalı = --------------------------------------------------------------- X 100%.
Borcalanın gəlirləri
7.3. BYG əmsalının hesablanması zamanı aşağıdakılar nəzərə alınır:
7.3.1. Aylıq borc yükü müəyyənləşdirilərkən kredit xətləri və kredit müqaviləsində aylıq ödənişi nəzərdə tutulmayan kreditlər aylıq ödəniş annuitet qaydası ilə hesablanır.
7.3.2. ən azı Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş kredit reyestri xidmətindən alınmış məlumatlara əsasən fiziki şəxs olan borcalanın aylıq borc yükü müəyyən edilir;
7.3.3. borcalanın gəlirlərini təsdiq edən sənədlərdə aylıq gəlir əvəzinə digər dövrü gəlirlər göstərildikdə həmin gəlirlər dövr ərzindəki ayların sayına bölünməklə aylıq gəlir hesablanır;
7.3.4. birgə borcalan olan fiziki şəxslər üzrə BYG əmsalı onların ümumi aylıq borc yükü və aylıq gəlirləri əsasında hesablanır;
7.3.5. birgə borcalanlar qrupuna daxil olan fiziki şəxsin aylıq borc yükü həmin borcalan üçün müqavilədə nəzərdə tutulmuş öhdəliyin məbləğinə mütənasib və ya ümumi borc birgə borcalanların sayına bölünməklə hesablanır;
7.3.6. fiziki şəxs olan borcalanın zamin durduğu kredit üzrə başqa bir və ya bir neçə zamin çıxış etdikdə həmin şəxsin aylıq borc yükü bu Rəhbərliyin 7.3.5-ci yarımbəndində müəyyən olunmuş hesablama üsulu tətbiq edilir.
7.4. Rəhbərliyin 7.2-ci bəndinə müvafiq hesablanmış BYG əmsalı 50%-dən aşağı olduqda məqbul hesab olunur.
7.5. Qiymətləndirmə zamanı aşağıdakılar müəyyən olunarsa, istehlakçı ödəmə qabiliyyəti olmayan hesab edilir:
7.5.1. istehlakçı girov (ipoteka), yaxud digər əmlakı satmadan kredit məhsulu üzrə öhdəliklərini icra edə bilmir;
7.5.2. istehlakçı mövcud kredit məhsulu üzrə öhdəliklərini əlavə borc vəsaiti (kreditlər) cəlb etmədən icra edə bilmir;
7.5.3. istehlakçı alınacaq kredit məhsulunun nəticəsi olaraq digər öhdəlikləri tam və ya lazımınca icra edə bilmir.
7.6. Qiymətləndirmə nəticəsində istehlakçı ödəmə qabiliyyəti olmayan hesab edilərsə kredit sifarişi təmin olunmaya bilər, lakin bu zaman kredit təşkilatı imtinanın təfərrüatlarını açıqlamalı, o cümlədən imtinanın səbəbləri və imtinanın səbəblərinin aradan qaldırılması üçün istehlakçının ata biləcəyi addımlar (məs, girov və ya zaminin təmin edilməsi) barəsində məlumat verməlidir.
7.7. Ödəmə qabiliyyətinin qiymətləndirilməsi ilə bağlı bütün şərtlər, o cümlədən BYG-nin hesablanması qaydası eynilə zaminə də şamil olunur.
8. Təyinata uyğunluğun qiymətləndirilməsi
8.1. Kredit təşkilatı bu Rəhbərliyin 5-ci hissəsinə müvafiq olaraq toplanmış və yoxlanılmış məlumatlar əsasında kreditin təyinata uyğunluğunun qiymətləndiriməsini həyata keçirməlidir.
8.2. Kredit məhsulunun təyinata uyğunluğu qiymətləndirilərkən kredit təşkilatı təqdim olunmuş məlumat əsasında təklif olunacaq kredit məhsulunun və onun şərtlərinin istehlakçının ehtiyac və məqsədlərinə uyğunluğunu nəzərdən keçirməli və sənədləşdirməlidir.
8.3. Əgər qiymətləndirmə zamanı kreditin şərtləri müştərinin tələblərinə, məqsədlərinə və ehtiyaclarına cavab verməyəcəyi müəyyən olunursa kredit təyinata uyğun hesab edilmir.
8.4. Qiymətləndirmə zamanı kredit təyinata uyğun hesab edilmədikdə, istehlakçıya bu barədə lazımi məlumat verilir, kreditin təyinatına uyğunsuzluğunun səbəbi və belə kredit götürməklə yarana biləcək mümkün risklər izah edilir. İstehlakçının düşünülmüş qərar qəbul etməsi məqsədilə məlumatların açıqlanması və izahatların verilməsi kredit müqaviləsi imzalanmazdan əvvəl təmin olunmalıdır.
8.5. Kreditin təyinata uyğunluğunun qiymətləndirilməsinin şərtləri eynilə zaminə də şamil olunur.
9. Qiymətləndirmənin nəticələrinin açıqlanması
9.1. Bu Rəhbərliyinin 7.6 və 8.4-cü bəndlərində qeyd olunmuş məlumatlar müştəri tərəfindən tələb olunduqda, həmin məlumatlar əvəzsiz olaraq aydın və oxuna bilən formada kağız və ya elektron daşıyıcıda təqdim edilir.
9.2. Kredit təşkilatı ödəmə qabiliyyəti və təyinata uyğunluğun qiymətləndirilməsinin nəticəsinin rəsmilləşdirilməsinə dair hesabatı qiymətləndirmə tamamlandıqdan sonra, yaxud aidiyyəti kredit müqaviləsinə xitam verildikdən sonra (hansının daha son baş verməsindən asılı olaraq) ən azı 5 il saxlayır.
10. Yekun müddəalar
10.1. Bu Rəhbərlik təsdiq olunduğu gündən qüvvəyə minir.