Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kreditləri sahəsində reklamların məhdudlaşdırılmasına dair kommersiya banklarına heç bir göstəriş verməyib.
AMB-dən bildirilib ki, istehlak kreditləri sahəsində reklamların məhdudlaşdırılmasına dair kommersiya banklarına göstərişin verilməsi Mərkəzi Bankın səlahiyyətləri xaricindədir və bu istiqamətdə kommersiya banklarına hər hansı göstəriş və ya tövsiyə verilməyib.
Mərkəzi Bank bank sisteminin sabit işini təmin etmək, bank kreditorlarının və əmanətçilərinin maraqlarını qorumaq məqsədilə bank fəaliyyəti üzərində yalnız prudensial çərçivədə nəzarət həyata keçirir”, - deyə məlumatda vurğulanır.
Xatırladaq ki, bir müddət öncə bəzi kütləvi informasiya vasitələrində Azərbaycanda istehlak kreditləri sahəsində reklamların qadağan edilməsi ilə bağlı məlumat yayılıb.
Qeyd olunub ki, kommersiya banklarına bununla bağlı şifahi göstəriş verilib. Söhbət riteyl bank məhsullarından, yəni fiziki şəxslər üçün nəzərdə tutulan istehlak və digər kredit növlərindən gedir.
APA