Azərbaycan Mərkəzi Bankının ölkənin kommersiya banklarına məcmu kapitallarını 50 milyon manata çatdırmaqla bağlı verdiyi möhlət 4 aydan sonra başa çatır. Fins.az-ın məlumatına görə, ölkədəki 8 bank hələ də bu tələbi yerinə yetirə bilməyib. Vəziyyət belə davam etsə, həmin banklar ya birləşməli, ya da fəaliyyətlərini bank olmayan kredit təşkilatı (BOKT) kimi davam etdirməli olacaqlar. Amma kapitalı az olan banklar bildirirlər ki, ilin sonunadək tələb olunan məbləği töplaya biləcəklər.
1. “Azərbaycan Kredit Bankı”
“Azərbaycan Kredit Bankı”nın baş mühasibinin müavini Hikmət Nəzirov deyir ki, bu ilin 1-ci yarısının yekunlarına görə, bankın nizamnamə kapitalı 11 milyon 429 min manat, məcmu kapitalı isə 5 milyon 881 min manat təşkil edib. Onun sözlərinə məcmu kapitalın az olması, bankın 23 milyon 765 min manat məbləğində rezerv yaratması ilə bağlıdır. Mərkəzi Bankın məcmu kapitalla bağlı tələbinə gəlincə isə, bank rəsmisi bu tələbin ilin sonuna qədər yetiriləcəyini, səhmdarlar tərəfindən əlavə kapital qoyuluşunun həyata keçiriləcəyini deyir: “Bu məsələ ilə bağlı səhmdarlar toplanacaq və yekun qərar veriləcək”.
2. “Dekabank”
“Dekabank”ın Maliyyə və Əməliyyat Departamentinin direktoru Bəhram Hüseynov isə bildirir ki, 2014-cü ilin yanvar-iyun aylarının yekunlarına görə bankın nizamnamə kapitalı təxminən 25 milyon manat, məcmu kapitalı isə 26,4 milyon manat təşkil edib. Onun sözlərinə görə, Mərkəzi Bankın kapital tələbinə əməl etmək üçün bank səhm emissiyası həyata keçirməyi, daha dəqiq desək, səhmlərinin nominal dəyərinin artırılmasını planlaşdırır. Amma bankdan kənar investorlara pay verilməsi də istisna deyil: “Biz kapitalla bağlı bir neçə istiqamətdə iş aparırıq və çalışacağıq ki, ilin sonuna qədər məcmu kapitalı 50 milyon manata çatdıraq”.
3. “Azər-Türk Bank”
“Azər-Türk Bank”ın isə nizamnamə kapitalı 13,45 milyon manat, məcmu kapitalı isə 17,2 milyon manatdır. Bankın idarə heyətinin sədri Mehmet Sami Acargözmen deyir ki, bankın səhmdarlarının kapitalı lazım olan həddə çatdırmaq gücündədirlər. Qeyd edək ki, Azər-Türk Bankın səhmlərinin 50%-i Türkiyənin “Ziraat” bankına, qalan 50%-i isə bir qədər əvvəldən etibarən Azərbaycan hökumətinə məxsusdur. “Nə o tərəfin, nə bu tərəfin pulla bağlı problemi yoxdur. Kapital məsələsini səhmdarlara çatdırmışıq, onlar da deyiblər ki, həll edəcəyik, ilin sonuna qədər kapitalı artıracağıq”-deyə bankın rəhbəri əminliyinini səbəbini açıqlayıb.
4. “Atrabank”
“Atrabank” isə kapitalını tələb olunan həddə qədər artırmaq üçün səhmlərin 4-də birini kənar investora verməyə də hazırdır. Bankın İdarə Heyətinin sədri Elmixan Nəbiyev isə bildirir ki, hazırda bankın nizamnamə kapitalı 20 milyon manat, məcmu kapitalı isə 22 milyon manatdır. Onun sözlərinə görə, Mərkəzi Bankın tələbini yerinə yetirmək üçün sentyabrın 25-nə qədər səhm emissiyası planlaşdırılır: “Həmin gün məcmu kapitalı 50 milyon manata çatdıracağıq". Bank rəhbəri bildirib ki, səhmlər həm bankın öz səhmdarlarına, həm də kənar investorlara təklif olunacaq. Yəgin ki, bankda kənar səhmdarın payı 20-25%-dən çox olmayacaq”.
5. “Yunayted Kredit Bank”
“Yunayted Kredit Bank”ın idarə heyətinin üzvü Əmir Məsimov isə bankın məcmu kapitalının Mərkəzi Bankın tələbinə cavab vermədiyini etiraf etsə da, konkret hansı məbləğə ehtiyac olduğunu açıqlamaq istəmədi. Onun sözlərinə görə, 50 milyon manatlıq tələb demək olar ki, yerinə yetirilib və bank kapitalla bağlı heç bir problem yaşamayacaq. Xatırladaq ki, bu ilin 1-ci rübünün yekunlarına görə, bankın nizamnamə 29 milyon manat, məcmu kapitalı isə 26,5 milyon manat təşkil etmişdi.
6. “Parabank”
“Parabank”ın idarə heyətinin sədr müavini Rəcəb Hüseynov isə deyir ki, bankın məcmu kapitalı 22-23 milyon manat civarındadır. Bununla yanaşı, onun sözlərinə görə, “Parabank”ın nə bazarı tərk etmək, nə başqa bankla birləşmək, nə də BOKT-a çevrilmək planı yoxdur: “Səhm emissiyası planlaşdırmışıq və ilin sonuna qədər məcmu kapitalı 50 milyon manata çatdıracağıq”. Bankın nizamnamə kapitalı isə hazırda 12 milyon manata yaxındır.
7. “Kövsərbank”
Bu il aprelin 9-da lisenziyasını bərpa etmiş “Kövsərbank”ın isə nizamnamə kapitalı 12,02 milyon manat, məcmu kapitalı isə 12,49 milyon manatdır. Bank Mərkəzi Bankın tələbinə yetirmək üçün ümidini səhm emissiyasına bağlayıb. “Kövsərbank”ın baş mühasibi Kamil Rüstəmli deyir ki, 38 milyon manatlıq emissiya üçün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə müraciət edilməsinə və Komitənin emissiyanı qeydə almasına baxmayaq, hələ ki, kapitalın artırılması prosesi başlamayıb: “Hələlik hüquqi prosedurlar yerinə yetirilir, tezliklə emissiya baş tutmalıdır”.
Qeyd edək ki, bir qədər əvvəl “Kövsərbank”ın İdarə Heyətinin sədri Heydər İbrahimov bildirmişdi ki, səhmlərin bir hissəsinin xarici investorlar tərəfindən alınacağı gözlənilir: "Adətən xarici investorlar səhmlərin 20%-ə qədərinə sahib olmağa üstünlük verirlər, bu mənada buraxacağımız səhmlərin təqribən 10 milyon manatlıq hissəsinin xarici sərmayəçilər tərəfindən alınacağını gözləyirik".
8. “Günaybank”
“Günaybank”da isə həm nizamnamə, həm də məcmu kapital göstəriciləri 21 milyon manat ətrafındadır. Bankın idarə heyəti sədrinin 1-ci müavini Şakir Abdullayev deyir ki, səhm emissiyası hesabına Mərkəzi Bankın kapital tələbi yerinə yetiriləcək. Yeri gəlmişkən, bu gün QKDK bankın yeni səhm emissiyasının qeydə alındığını açıqlayıb. Hərraca kütləvi təklif üsulu ilə hər birinin nominal dəyəri 4 783 manat olan 10450 səhmin çıxarılması planlaşdırılır. Emissiya baş tutsa, “Gunaybank”ın kapitalı təxminən 50 milyon manat artaraq 71 milyon manatı keçəcək. Ş.Abdullayev bildirib ki, "Günaybank"ın kapitalı bankın indiki səhmdarlarının hesabına artırılacaq, yəni kənar səhmdar cəlb edilməyəcək.
Mənbə - Fins.az