"Bankdan kredit götürmək istəyirdim, ancaq mənə müsbət cavab verilmədi. Deyirlər ki, hələlik bank kredit verilişini dayandırıb. Banklar bu addımın səbəbini də açıqlamırlar".
Bunu paytaxt sakini söyləyib. Adının açıqlanmasını istəməyən vətəndaş bir neçə banka getdiyini və hamısından da mənfi cavab aldığını deyib.
Məsələ ilə bağlı ölkədə fəaliyyət göstərən aparıcı banklardan birinin əməkdaşı ilə əlaqə saxladıq. Bank işçisi Vasif Qarayev açıqlamasında bildirib ki, hazırki vəziyyət kredit vermək üçün əlverişli deyil:
"Müştəri bir neçə gün öncə gəlib bizdən dollarla kredit götürüb. Sonradan məzənnə dəyişdiyi üçün müştəri bizi ittiham edir və deyir ki, guya biz onu aldatmışıq. Belə hallar son günlər tez-tez baş verdiyi üçün kredit verilişində fasilə yaranıb. Həmçinin, valyutaların məzənnəsinin qeyri-sabit olması da bankları kredit verməkdən çəkindirir".
Qeyd edək ki, ölkədə dollar və avronun məzənnəsində dəyişiklik baş verəndən sonra vətəndaşların xarici valyuta ilə aldıqları kreditlərin ödənişində problemlər yaranıb. Mütəxəssislər bankların bu səbəbdən kredit verməkdə tərəddüd etdiyini və əhalidə qalan borclarını yığmağa çalışdıqlarını söyləyir.
anspress.com