Banklar dördgünlük iş həftəsinin tətbiqinə hazırdırlarmı? | Banco.az

Banklar dördgünlük iş həftəsinin tətbiqinə hazırdırlarmı?

İş gününün azalması dünya tendensiyasıdır.

Son günlər ərzində dünya KİV-də Beynəlxalq Əmək Təşkilatının (BƏT) dördgünlük iş həftəsinə keçmək təklifindən danışılır.

Bəzi ölkələrdə bu təcrübəni tətbiq etməyə başlayıblar. Məsələn, Qazaxıstanda “RBK” bankı işçilərini dördgünlük 32 saatlıq iş həftəsinə keçirib, bunu bankın mətbuat xidməti bildirib.

İdeya çoxlarına cəlbedici görünür. İş həftəsinin qısaldılması səbəbləri arasında BƏT: çox işləməyin səhhətə ziyan olmasını, iş yerlərinin artmasını, qısa iş həftəsi əməyinin keyfiyyətini və effektivliyini artırmasını, iş həftəsinin qısaldılmasının ətraf mühitə xeyirli olmasını və insanların daha xoşbəxt olmaqlarını göstərib.

Həqiqətən, dördgünlük iş həftəsi beşgünlük iş həftəsindən daha tez ötüb keçəcək.

Oxu.Az-ın müxbiri Azərbaycan banklarının yaxın gələcəkdə dördgünlük iş həftəsinin tətbiqinə hazır olmalarını aydınlaşdırmağa çalışıb.

Rəşad Cümşüdov (Nikoil Bank):

- Düşünmürəm ki, bu tendensiya bizə də çatmasın. Amma əgər bu mümkündürsə də yalnız uzaq gələcəkdə.

Əlbəttə, bu yaxşıdır, amma... Məsələn, elə banklar var ki, onlar həftədə beş gün çalışırlar. Bu isə iş həftəsinin başlanması ilə bərabər banklarda kommunal xidmətlərə və s. görə ödəmələr etmək istəyən müştərilərin sayının çoxalması ilə müşayiət edilir. Bundan qaçmaq üçün bankımız şənbə günləri qısa iş günü rejimini tətbiq edir. İş həftəsinin qısaldılması bankların daha geniş texnoloji xidmət imkanı: POST-terminalların, internet-bankingin inkişafı və müştərinin lazımi bank əməliyyatlarını internet vasitəsilə həyata keçirə bildiyi zaman mümkündür. Yəni, müştərinin banka gəlməsi məcbur olmadığı və istədiyi əməliyyatları distant şəkildə həyata keçirdiyi zaman mümkün olacaq. Bu halda xidmət personalına olan tələbat da azalacaq və ola bilər ki, iş həftəsinin müddəti də qısalacaq.

Ən sərfəli kredit üçün müraciət et

Xaliq Xəlilov (Parabank):

- Çox güman ki, yaxın gələcəkdə bizdə belə bir təcrübə tətbiq edilməyəcək. Beşgünlük iş rejimi belə müştərilərin tələbatını ödəməyə yetmədiyi halda, dördgünlük iş rejimi haqqında danışmağa dəyməz.

Bildiyiniz kimi banklar müştərilərə xidmət edir və bu bankın əsas vəzifələrindən biridir.  

Bank müştərilərinin isə əsas hissəsinin həftə boyu işləyən şəxslərdən ibarət olduğu üçün, ona görə də hər hansı digər məsələləri həll etmək üçün onların yalnız şənbə günü vaxtı qalır, bunu nəzərə alaraq deyə bilərik ki, banka getmək üçün onların elə də çox zamanı qalmır. Məhz buna görə də bankların əksəriyyəti şənbə günləri çalışır.

Ümumiyyətlə, bank xidmətləri müştərilər üçün maksimal şəkildə əlçatan olmalıdır və əgər tələbat varsa gün boyu işləmək daha məqsədəuyğundur.

Qeyd edək ki, beynəlxalq ekspertlərin fikrinə görə, iş həftəsinin qısaldılması və asudə vaxtın artırılması dünya tendensiyasıdır. Amma unutmaq lazım deyil ki, iş günlərinin sayından çox, iş saatlarının sayı əsasdır. Yəni qısa iş həftəsi rejimində daha öncə işlədiyimizdən çox işləməli ola bilərik.

Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə görə həftədə iş saatı 40 saatdan artıq olmamalıdır.

Ən sərfəli krediti almaq üçün müraciət et