Son 1 rüb ərzində Azərbaycanın ən böyük bankı olan Beynəlxalq Bankın kredit portfeli təqribən 20% azalıb.
Bu barədə bankın açıqladığı maliyyə göstəricilərindən məlum olur. Belə ki, oktyabrın 1-ə bankın kredit portfeli 6 milyard 62 milyon manat təşkil edib. Halbuki 2-ci rübün nəticələrinə görə, bankın kredit portfeli 7,4 milyard manat təşkil edirdi. Başqa sözlə, son bir rübdə ABB-nin kredit portfeli 19% azalıb.
Son 1 illə müqayisədə isə bankın kredit portfelində 24,6% artım var. Kreditlərin 639,3 milyon manatı və ya 10,5%-i istehlak kreditləridir.
Son bir ildə ABB-nin aktivləri 22% artaraq 3-cü rübün sonunda 8,39 milyard manat təşkil edib.
Əhalinin bankdakı əmanətləri isə 1,601 milyard manata çatıb ki, bu da 2013-cü ilin oktyabrın 1-nə nisbətən 4,9% çoxdur. Bankın məcmu kapitalı il ərzində 27,6% artaraq 986,8 milyon manata, nizamnamə kapitalı isə 568,3 milyon manata çatıb. Bankın gəlirləri 438,7 milyon manat, xalis mənfəəti 44,7 milyon manat təşkil edib.
Fins.az