Azərbaycan Beynəlxalq Bankı (ABB) və "Roseksimbank" xarici iqtisadi sahədə əməkdaşlıq haqqında saziş imzalayıblar.
Banco.az Trendə istinadən xəbər verir ki, sənədi Azərbaycan tərəfindən ABB-nin İdarə heyətinin sədri Cahangir Hacıyev, Rusiya tərəfindən isə "Roseksimbank"ın İdarə Heyətinin sədri Dmitri Qolovanov imzalayıblar.
Müqavilə MDB iştirakçı ölkələrin VII Bakı Beynəlxalq Bank Konfransı zamanı imzalanıb
Müqavilə iki bank arasında xarici iqtisadi sahədə əməkdaşlığı nəzərdə tutur.
“Bizim imzaladığımız müqavilədə əsas məqamlardan biri birgə işlərimizdə milli valyutaların istifadə olunmasının mümkünlüyüdür. Mövcud şəraitdə xarici ticarətdə hesablaşmaların manat və rubla keçməsi Rusiya və Azərbaycan arasında ticari-iqtisadi və siyasi münasibətlərin daha da inkişafına müsbət təsir edəcək. Şübhəsiz, bu Rusiyadan Azərbaycana, Azərbaycandan Rusiyaya ixrac əməliyyatları zamanı banklar və ixracatçılar üçün valyuta və siyasi riskləri azaldacaq. Bu müqavilə Rusiya və Azərbaycan ixracatçıları üçün yeni imkanlar açır. İndi onlar üçün bazarlara çıxmaq daha asan olacaq”, - deyə D. Qolovanov bildirib