Bankda işləməyin müsbət və mənfi cəhətləri | Banco.az

Bankda işləməyin müsbət və mənfi cəhətləri

Bilən bilir, artıq 1 ildən uzun müddətdir ki, bank sektorunda çalışıram. O vaxta kimi isə, banklar haqqında yazan biri idim. Yəni əvvəllər bankları qıraqdan müşahidə edirdim, indi isə daxildən.

Nə yalan deyim, ilk dəfə Bank of Baku-ya gəlməmişdən qabaq araşdırma aparmışdım. Görəsən bank işçisi olanda necə olmaq lazım idi?

Çünki, çalışdığım şirkətlərdə maksimum işçi sayı 10-u keçməmişdi heç vaxt. Kiçik olmasına baxmayaraq, böyük təcrübələr qazandıran həmin işlərdən sonra Bank kimi böyük bir şirkətə keçmək akivariumdan dənizə atılmaq kimi bir şey kimi gəlirdi əslində…

Dəfələrlə qıraqdan baxaraq “bankda işləməyin nə bilim neçə mənfi cəhəti” başlığı ilə məqalələr yazmışam, oxumuşam. Bəs, həqiqət necə idi  Bankda işləmək necə bir şeydir?

Əgər sabah sizin bankda ilk gününüz olacaqsa bu yazı məncə sizlikdir 

  1. Nəzərə alın, böyük, çox böyük bir ailə sizi gözləyir. Əgər əvvəlki işinizdə nahar fasiləsində bir mətbəxdə 2-3 nəfər oturub yemək yeyirdinizsə, indi bu sayı 10-a vura bilərsiniz. İlk dəfələrdə sıxılma və utanma hissi yaşaya bilərsiniz, amma qəribəsi odur ki, sonradan adama elə gəlir ki, ailənin üzvləri toplanır bir yerə. Bu hiss özü ilə bərabər rahatlıq gətirir insana.
  2. Salamlaşma mədəniyyəti – Adını bilmədiyiniz və gün ərzində görmədiyiniz insanlardan salam ala bilərsiniz. Bir neçə gün sonra bu gözəl adət sizə də keçir. Və siz də hər kəslə salamlaşırsınız . Sanki bir evdir və bu evin çoxlu fərdləri var.
  3. Əgər insan olaraq sahiblənmə duyğusuna malik insansınızsa, bu hissə sizə də aiddir. Özünüzdən asılı olmayaraq, hər yerdə bankınıza təriflər yağdıracaq, yeniliklər barəsində məlumatlar verəcəksiniz. :)
  4. Geyim tərziniz dəyişəcək. Qarderobunuzda cins şalvarları, sport geyimləri bir yana itələyin. Çünki onun yerinə ətəklər, parça şalvarlar, köynəklər gələcək. Siz shoppingə rahat geyim adı ilə çıxıb, evə işə uyğun geyimlərlə qayıdacaqsınız. Əgər zövqünüz bu tərzə yaxındırsa problem yoxdur, amma mənim kimi hər tərzdə geyinməyi sevən insansınızsa nə deyim Vallah.
  5. Bəli siz kredit versəniz dəə, verməsəniz də kredit mütəxəssisisiniz Kredit alan, almaq istəyən, ödəyən, ödəyə bilməyən hər kəs sizdən nəsə soruşa biləcək. Hazır olun bu suallara. Amma bezməyin, axı sizdə diş həkimi olan hər hansı bir dostunuzdan ürəyə, böyrəyə aid suallar verərdiniz 
  6. Çox mədəni olacaqsınız, amma çox mədəni  Siz-lə müraciət edəcəksiniz hər kəsə və xahiş edirəm, buyurun sözləri dilinizin əzbəri olacaq. Hətta ən yaxınlarınıza belə siz deyə müraciət edərkən tapa bilərsiniz özünüzü.
  7. 09:00 – 18:00? o nə olan şeydir elə?  Mən back office-de çalışsam da, front ofisi görə bilirəm. Onlar hər səhər işə 9-dan öncə gəlib, müştərilərin qəbulu üçün hazırlaşırlar. Eləcə də back office də eyni vəziyyəti müşahidə etmək olar. Burada bir şeyi hiss etdim, kimsə buna məcbur olduğu üçün bunu etmir. İş məsuliyyəti buna şərait yaradır.

Ən əsası bir məqamı qeyd edim, işlədiyiniz yerin nüfuzu, böyüklüyü, rahatlığı sizin işdəki xoşbəxtliyinizə inanın təsir etmir. Əgər işinizdə xoşbəxtsinizsə, buna komandanın böyük təsiri var. Boss-unuz anlayışlıdırsa və əsl liderdirsə, iş yoldaşlarınız cana yaxın, mehribandırlarsa, istəyirsiniz lap Antarktidada çalışın, hər şeyi pozitiv görəcəksiniz, Uzağı bir az üşüyə bilərsiniz. Mən şəxsən bütün iş yerlərimdə üşüdüyüm üçün mənim üçün problem yoxdur.

Ən sərfəli kredit üçün müraciət et

B47A4501

Qısa bir xatirəni də bölüşmək istərdim, banco.az-da çalışdığım günlərdə ölkə banklarının birində çalışan çox hörmət etdiyim bir xanım, demişdi ki, fikir vermişəm Günel, bank işçilərinin peşə bayramı yoxdur. Bu haqda qısa nəsə istəsən yaza bilərsən. O vaxt mənim də özümə maraqlı gəlmişdi və bu məqaləni hazırlamışdım.

Amma bunu edərkən, o xanımın niyə bu haqda düşündüyünü və düşünərkən nə hiss etdiyini ancaq empatiya quraraq anlamağa çalışmışdım. Amma indi tamamilə ciddi olaraq bu haqda düşünürəm!

Niyə bizim peşə bayramı günümüz yoxdur ki? 

P.S. Fərqi yoxdur hansı şirkətdəsiniz və peşəniz nədir, əsas odur ki, hər kəs gördüyü işi sevsin. O zaman hər şey olacaq əla!

 

Gunel Abduraxmanova

Ən sərfəli krediti almaq üçün müraciət et