Bankda depozitim olsun | Banco.az

Bankda depozitim olsun

Depozit nədir?

Banklar haqqında Azərbaycan Respublikasının Qanununa əsasən depozit—müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir.

Yəqin ki, hamınızın ürəyindən bankda öz adınıza pul hesabının və ya depozitin olması arzusu keçib. Gəlin ilk öncə depozit anlayışı ilə daha yaxından tanış olaq.

Ən sadə dildə desək, depozitlər sizin banka müəyyən müddətə etibar etdiyiniz, icarə verdiyiniz və ya satdığınız puldur, həmin müddətin tamamında siz öz pulunuzu, həmçinin ona görə qazandığınız faizləri əldə edəcəksiniz.  Pulunuz bankda olduğu müddətdə bank onu dövriyyə buraxaraq, həmin puldan gəlir əldə etməyə çalışacaq. Nəticədə o, həm sizə depozitə görə haqq ödəyəcək, həmçinin digər xərclərini qarşılayacaq və hələ mənfəət də qazanacaq.

Müxtəlif depozit növlərindən və müqavilə şərtlərindən asılı olaraq, siz öz qazancınızı yəni faizləri, dərhal, müntəzəm olaraq, yəni rüblər üzrə və müqavilə müddətinin sonunda əldə edə bilərsiniz.

Əmanətin ümumi məbləği ilkin məbləğdən (depozit açılması zamanı banka təqdim edilən puldan) və əlavə yatırımlardan (əgər söhbət yığım əmanətindən gedirsə) ibarət olur. Heç də bütün bank depozitləri yığım əmanətləri deyildir: əmanətin miqdarının artırılmasının mümkün olub-olmaması bank tərəfindən hər bir depozit məhsulu üçün ayrılıqda müəyyən edilir və siz depoziti seçərkən məhz ız istəklərinizi nəzərə alıb, sizə uyğun məhsul seçməlisiniz. Depozitlə bağlı bütün şərtlər və məqamlar depozit müqaviləsində öz rəsmi əksini tapmalıdır.

Gəlirlər

Depozitə görə gəlirlərin həcmi bank tariflərindən asılı olur. Digər bizneslərlə müqayisədə banklar depozitlərə görə daha aza gəlir təklif etsə də, bank depozitləri daha etibarlı və stabil gəlirli maliyyə aləti hesab olunur.  Faiz dərəcələrinin həcmi və əmanətin şərtləri də bank tərəfindən müəyyən olunur.

depozit, deposit, əmanət

Əmanət üzrə faiz dərəcələri – bu müştərinin öz vəsaitlərini depozit şəklində yerləşdirməsi müqabilində aldığı mükafat məbləğdir. Faiz dərəcəsindən danışanda banklar adətən bir il ərzində depozitə hesablanan faizləri nəzərdə tuturlar. Ona görə də daha qısa müddətli depozit seçəndə daha diqqətli olun: həmin müddət ərzində nə qədər gəlir qazanacağınızı ya özünüz hesablayın, ya da bank mütəxəssisi ilə dəqiqləşdirin.  Adətən banklarımız  depozitləri minimum 1 il müddətində yerləşdirməyi təklif  edir.

Ən sərfəli kredit üçün müraciət et

Ölkəmizdə  depozit faizləri bankdan, bank məhsullarından və müddətdən asılı olaraq 7-14% (bəzən 16%) arasında dəyişir. Müddət artdıqca faizlər yüksəlir.  Əksər hallarda yığım əmanətindən və faizləri rüblük götürmək imkanı verən əmanət növlərində faizlər daha aşağı olur, əgər müqaviləyə əsasən faizləri müddətin sonunda götürməyə razı olsanız faiz dərəcələri daha yüksək olur.

Banklarımızdakı depozit məhsulları ilə aşağıdakı linkdə daha ətraflı tanış ola bilərsiniz.

Vacib Qeyd: Əmanətlərin sığortalanması fondu tərəfindən məbləği yalnız 30 000-ə qədər olan və illik faiz dərəcəsi 9%-ə qədər və ondan yüksək olmayan əmanətlər sığortalanır.

Bu isə o deməkdir, əmanəti yerləşdirdiyiniz bank hər hansı bir səbəbdən iflas edərsə və öz öhdəliyini yerinə yetirə bilməzsə, sizin əmanət və onun üzrə hesablanmış faizlər Əmanətlərin Sığortalanması fondu tərəfindən ödənilir, lakin həmin əmanət üzrə faizlər 9%-dən çox olmalı deyil və əmanətin məbləği 30 000-i üstələməli deyil.

Bir qayda olaraq, banklar il ərzində dəyişməyən, stabil faiz dərəcələri təyin edilirlər. Lakin bəzi yığım əmanətlərində sonradan əlavə edilən məbləğə hesablanan faiz əmanətin bitməsinə hansı müddətin qalmasından asılı olaraq dəyişir.  Məsələn Atabankın təqdim etdiyi yığım əmanəti üzrə 1 illik faiz dərəcəsi 9,5%-dir, ilik məbləğə son 6 ay ərzində edilən əlavələrə hesablanan faizlər isə 8%-dir.

Ölkəmizdə hələ ki, dəyişkən faiz dərəcəli depozitlərin tətbiqi geniş yayılmayıb. Faizlərin hesablanması qaydası ilə bağlı isə növbəti yazılarımızda daha geniş məlumat verəcəyik: bu zaman sadə faizlər və faizlərin kapitallaşması üsulu tətbiq edilir. Birinci halda faizlər ayrılıqda toplanır, ikinci halda isə faizlər müəyyən dövrlərdən sonra əsas məbləğə əlavə edilir və məbləğin miqdarı artır və faizlərdə də faiz hesablanmış olur.

Xərclər

Depozit açmaq üçün əsasən heç bir xərc tələb olunmur, sizə lazım olan təkcə şəxsiyyət vəsiqəniz və əlbəttə ki əmanət etmək istədiyiniz məbləğdir. Xərclər isə bir qayda olaraq, əmanəti vaxtından əvvəl götürdükdə yaranır. Təbii ki, siz öz əmanətinizi olduğunu kimi götürürsünüz, itkilər isə faizlərdə olur. Əmanətini hansı müddətdən sonra götürdüyünüzdən asılı olaraq, sizin faizlər fərqli hesablanır.

Buna görə bank və əmanət növünü seçərkən, yuxarıdakı şərtə xüsusi fikir verin. Əgər məbləğ sizə daha tez lazım ola bilərsə onda müddətli  və yığım əmanətləri seçməyin.  Depozit məbləğini müəyyən limitə qədər istifadə etmək imkanı verən digər depozitləri seçin.

Könül Soltanova/ Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et