Bank zəmanətləri üzrə vahid qaydalar hazırlanacaq | Banco.az

Bank zəmanətləri üzrə vahid qaydalar hazırlanacaq

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə” Ekspert Qrupunun iclası keçirilib.

ABA-dan verilən xəbərə görə, iclas zamanı bank qarantiyalarının uçotun aparılması və qarantiya üzrə benefisiar qarşısında öhdəliklərin icra olunması qaydaları, qarantiyaya xitam verilməsi, tələblərin ödənilməsi proseduru, vergi şərtləri və s. bu kimi məsələlər müzakirə edilib.

Əsas müzakirə olunan məsələlərdən biri də vahid “Bank qarantiyalar üzrə qaydalar”ın mövcud olmamasıdır, həmin qaydaların yerli qanunvericiliklə yanaşı unifikasiya edilmiş beynəlxalq qaydalara uyğunlaşdırılmasıdır. Növbəti müzakirə olunan məsələ respublikadaxili qarantiyalar üzrə tətbiq olunan formalar olub. Müzakirə nəticəsində qərar verilib ki, bu mövzuya düzəliş üçün qrup üzvləri fikir və rəylərini bildirəcək və müvafiq quruma tövsiyə məktubu ünvanlanacaq.

Ən sərfəli kredit üçün müraciət et

Sənədli akkreditivlər üzrə ayrıca qaydaların hazırlanması da qrup üzvlərinin müzakirə mövzusu olub. Belə ki, hazırda ayrıca qaydalar həm bank qarantiyaları üzrə, həm də sənədli akkreditivlər üzrə mövcud deyil. Buna görə də iclasda  Azərbaycan Mərkəzi Bankına (AMB)və Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciətlərin hazırlanması ilə bağlı təkliflər edilib. Həmin müraciətdə yeni qaydaların hazırlaması məqsədilə işçi qrupun yaradılması və bu qrupda ABA-nın “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə” Ekspert Qrupunun bəzi üzvləri də iştirak etməsi öz əksini tapacaq.