"Bank VTB (Azerbaijan)" ASC-nin Müşahidə Şurasında (MŞ) dəyişiklik olub. "Report" xəbər verir ki, MŞ-nın üzvü vəzifəsindən kənarlaşdırılıb. Söhbət Bayram Vəliyevdən gedir. Onun yerinə Dmitri Popov təyin edilib.
Xatırladaq ki, B.Vəliyev 1974-cü ildə anadan olub, 2012-ci ildən bəri "Bank VTB (Azerbaijan)"ın rəhbərliyində təmsil olunub. O, 2010-cu ildən bu günə qədər "VTB Capital" şirkətində icraçı direktor, Mərkəzi Asiya və Qafqaz üzrə investisiya bankinqinin rəhbəridir.
D.Popov isə 1983-cü ildə Rusiyanın Samara şəhərində doğulub. O, 2009-cu ildən "VTB" banklar qrupunda müxtəlif vəzifələrdə çalışıb.
Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" Rusiyanın "VTB Bank" ASC-nin törəməsidir. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,2 manat olan 254,075 mln. ədəd səhm əsasında formalaşıb. Səhmlərin 51%-i Rusiya tərəfinə, 48,99%-i "AtaHolding" MMC-yə, 0,01%-i isə bir fiziki şəxsə məxsusdur.