Azərbaycan Beynəlxalq Bankı 6 dekabr 2016-cı il tarixində ölkəmizdə il dəfə olaraq "Təhlükəsiz kart" proqramının tətbiqinə başlayıb. Banco.az xəbər verir ki, hal-hazırda Azərbaycan Beynəlxalq Bankı "VİSA İnternational" şirkəti ilə "Təhlükəsiz kart Proqramı" üzrə mətbuat konfransı keçirir.
Layihə "VİSA İnternational" şirkəti ilə müştərək şəkildə, şirkətin qlobal "Sıfır məsuliyyət" (zero liability) siyasəti çərçivəsində həyata keçirilir.
Bu siyasət müştəriləri kart hesablarındakı vəsaitlərin təhlükəsizliyi qayğısından tam azad edir. Bu imkandan faydalanan müştəri özünün təsdiqləmədiyi ödənişlərə görə heç bir məsuliyyət daşımır. Belə ki, müştəri bankın təmin etdiyi SMS-xəbərdarlıq, VİSA Verified, Mobil Bankçılıq xidmətinə qoşulur. Hesabı üzrə əməliyyatları mütəmadi nəzarətdə saxlayır. Hər hansı şübhəli əməliyyat barədə Bankı dərhal məlumatlandırır. Məlumatlar təhlil edilir. Əgər ödəniş əməliyyatının müştərinin özünün aparmadığı təsdiqini taparsa, bu yenilik müştərilərə öz kartları vasitəsi ilə dünyanın istənilən yerindən rahat alış-veriş etmək imkanı yaradır.
Bu proqram kart sahiblərini hər hansı fırıldaqçılıq hallarından qoruyur. Onlarda kart hesablarındakı vəsaitlərin təhlükəsizliyi barədə böyük əminlik yaradır. "Təhlükəsizlik və kart fırıldaqçılığının qarşısının alınması ən mühüm vəzifələrdən biridir. Bu, daha innovativ və təhlükəsiz texnologiyaların tətbiqini zəruri edir. Azərbaycan Beynəlxalq Bankı ilə həyata keçirdiyimiz proqramla indi Azərbaycandakı müştərilərimiz öz ödəniş əməliyyatlarını tam əminliklə həyata keçirə bilərlər". VİSA-nın Azərbaycan, Belarus və Moldova üzrə regional meneceri İqor Kovalyov belə deyib.
Azərbaycan Beynəlxalq Bankının Elektron ödənişlər şöbəsinin müdiri Eltəkin Rəhimov isə güman etdiyini bildirib ki, belə bir yenilik müştərilərin böyük marağına səbəb olacaq və Bankın VİSA ödəniş kartlarından istifadə edənlərin sayı daha da artacaq: "Bu müştərək proqram Azərbaycanda nağdsız ödəniş ənənələrinin genişlənməsinə də xoş bir töhfə olacaq" deyə E.Rəhimov vurğulayıb.
35 filiala və 43 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və ya *2265 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.