Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ”Bank Standard” QSC-yə təyin etdiyi müvəqqəti inzibatçılıq avqustun 3-də başa çatır və Bankın idarəetməsi yeni İdarə Heyətinə keçir.
MBNP-dən "Report"a bildirilib ki, son illər ”Bank Standard”ın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan investisiya layihələrinin maliyyələşdirilməsi onun maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına səbəb olub. Bunun nəticəsində Bankın likvidlik və kapital mövqeyi zəifləyib, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklər yaranıb. Bankda yaranmış problemlərin tənzimlənməsi məqsədilə Palata tərəfindən mayın 3-dən etibarən 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib.
Bankın sistem əhəmiyyətini nəzərə alaraq, 2016-cı il iyulun 4-də onun səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasitəsilə sanasiya edilməsi haqqında qərar qəbul olunub. Bu proses çərçivəsində “Azər-Türk Bank” tərəfindən “Bank Standard”ın idarəedici orqanlarına yeni üzvlər təklif olunub və MBNP tərəfindən müsbət qiymətləndirilib.
Avqustun 2-də Palatada “Azər-Türk Bank” rəhbərliyi və “Bank Standard”ın təklif olunan yeni İdarə Heyəti rəhbərliyi ilə görüş keçirilib və Bankın gələcək inkişaf strategiyası müzakirə edilib. MBNP rəhbərliyi “Bank Standard”ın maliyyə dayanıqlılığının gücləndirilməsi istiqamətində təklif və tövsiyələrini verib və yeni menecmentə lazımi dəstək göstərməyə hazır olduğunu bildirib.