Bank Standard-ın ləğv planından belə çıxır ki, bank bağlanandan sonra orada hesab açılıb | Banco.az

Bank Standard-ın ləğv planından belə çıxır ki, bank bağlanandan sonra orada hesab açılıb

 Bu gün Bakı Apellyasiya Məhkəməsində lisenziyası ləğv edilmiş “Bank Standard” QSC-nin ləğvi ilə bağlı növbəti qapalı iclas keçirilib.

“Report” xəbər verir ki, bu barədə Bankın Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.

Onun sözlərinə görə, bugünki məhkəmə prosesində “Bank Standard”ın ləğv planını təsdiq etmək yenə də mümkün olmayıb: “Dekabrın 22-də keçirilmiş iclasda olduğu kimi, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) ötən ilin II və III rübləri üzrə təqdim etdiyi ləğv planı yenə də təsdiqlənmədi. Növbəti iclasın vaxtı hələlik məlum deyil. Amma Fondun nümayəndəsi planı təkmilləşdirmək üçün azı 2 həftəlik vaxt verilməsini xahiş etdi.

Plan çox bərbad vəziyyətdə idi. Hətta rəqəmlər də uzlaşmırdı. Məsələn, plandan belə çıxır ki, bank bağlanandan sonra orada hüquqi şəxslər 1 673 bank hesabı açıblar. Halbuki lisenziyası ləğv olunmuş bankda hesabların açılması mümkün deyil. Digər bir misal: ötən ilin əvvəli ilə müqayisədə bankın borcları 192 mln. dollardan və 1,5 mln. avrodan çox artmışdır. Axı bu necə ola bilər? Bağlanmış bankın borcları durduğu yerdə arta bilməzdi axı?! 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin məlum oldu ki, Fond ötən ilin 3 rübü ərzində ləğvetməyə planlaşdırıldığından 0,6 mln. manat çox vəsait xərcləyib. Özü də tam cəfəng əsaslarla. Məsələn, yazıblar ki, guya banka audit xidməti göstərilib. Bağlanan bankda nə audit? Məhkəmə də, mən də bu fərqin sənədli təsdiqinin təqdim edilməsini tələb etdik.

Planda bir daha vurğulanır ki, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bankda qalmış 20,3 mln. manatı digər kreditorlardan əvvəl ona qaytarılacaq. Bu qanunsuz müddəanın heç bir əsası yoxdur”.

Xatırladaq ki, “Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclası yanvarın 29-da, saat 15:00-da keçiriləcək. 

Ən sərfəli krediti almaq üçün müraciət et