"Bank sistemində rəqəmsal transformasiya sürətləndirilməlidir" - İbrahim Alışov | Banco.az

"Bank sistemində rəqəmsal transformasiya sürətləndirilməlidir" - İbrahim Alışov

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Baş icraçı direktoru İbrahim Alışovun “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının Türkiyə Respublikası və Azərbaycan Respublikası üzrə yeni təyin edilmiş Baş meneceri Yigit Çağlayan və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

Palatadan banco.az-a verilən məlumata görə, Görüşdə nağdsız ödənişlər və ödəniş kartları sahəsində cari vəziyyət və inkişaf tendensiyaları, “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində 2017-ci il ərzində həyata keçirilən layihələr müzakirə edildi.

Qarşılıqlı müzakirələr əsasında keçən görüşdə Palatanın Baş icraçı direktoru İ. Alışov bank sistemində rəqəmsal transformasiyasının sürətləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini, elektron ödənişlərdə innovasiyaların tətbiqinin zəruri olduğunu qeyd etdi. Həmçinin, “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının ölkənin ödəniş kartları bazarının mühüm iştirakçısı kimi aparıcı rolunu və cəlb olunduğu layihələrin iqtisadi əhəmiyyətini vurğuladı.

Ən sərfəli kredit üçün müraciət et

Görüş zamanı cari il ərzində ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində tənzimləmə və nəzarət çərçivəsinin formalaşdırılması, innovativ ödəniş texnologiyalarının və həllərinin tətbiqinin genişləndirilməsi, maliyyə sektorunda çalışan mütəxəssislərin nağdsız ödənişlər sahəsində mövcud potensialının daha da təkmilləşdirilməsi, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş digər prioritet istiqamətlər üzrə birgə fəaliyyətin zəruriliyi qeyd edilərək, əməkdaşlığın bundan sonra daha sıx formada davam etdiriləcəyinə əminlik ifadə edildi.