“Bank sahəsində kreditləşmənin həcminin azalması sığorta bazarına müəyyən təsir göstərir”.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişikliklərin edilməsi haqqında" qanun layihələrinin müzakirəsi zamanı Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarətinin rəisi Namiq Xəlilov deyib.
"Bank sahəsində kreditləşmənin azalması sığorta bazarına birbaşa təsir göstərir. Kreditləşmənin azalması könüllü avtomobil sığortası, ipoteka sığortası, kredit alan şəxslərin həyat və sağlamlığının sığortalanmasına müəyyən təsir göstərir. Amma bu ilin 11 ayı üzrə statistikaya nəzər salsaq görərik ki, sığorta bazarında 5,3% artım müşahidə edilir", - deyə N. Xəlilov qeyd edib.