Bank of Baku-nun İdarə Heyətinin sədri Həsən Quliyev 30 ildir fəaliyyət göstərən və inkişaf edərək irəliləyən bankın hazırkı strateji yanaşmasından, eləcə də fəaliyyət strategiyasında önəmli yer tutan yaşıl bankçılıqdan danışıb.
- Həsən bəy, Bank of Baku-nun hazırkı strateji baxışını necə təqdim edərdiniz?
Bank of Baku yaxın dövr və gələcək illər üçün fəaliyyət strategiyasını dəyərlərə sadiq, yeniliklərə açıq və yaşıl bankçılıq prinsipi üzərində formalaşdırıb.
Əslində, 30 illik fəaliyyətimiz müddətində hər zaman strateji planlamalarda yeniliklərə yer ayırmışıq. Çünki dövrün tələblərini nəzərə almadan rəqabətə girmək, inkişaf etmək və keyfiyyətli xidməti təmin etmək mümkün olmazdı.
İnanıram ki, yanaşmamız bizi hədəflərimizə - bankımızın daha da böyüməsi, xidmət keyfiyyətinin daha da yüksəldilməsi, müştərlərimizə hər yerdə, hər məqamda yaxın və yaşıl bankçılıq xidmətlərinin təqdim olunmasına doğru sürətlə aparacaq.
- Bəs yaxın dövrün strategiyasında prioritet sahələr hansılardır?
Bankımızın fəaliyyət strategiyasını qurarkən bir çox məqamı diqqətə almışıq. Bank sahəsindəki qlobal tendensiyaları, dövrün tələblərini, modern müştəri davranışlarını və ölkəmizin, cəmiyyətin diqqətində olan məsələləri nəzərə alaraq bir neçə istiqamət müəyyənləşdirmişik.
Sahələr şəklində ümumiləşdirsək, yaşıl bankçılıq, rəqəmsal bankçılıq, pərakəndə və korporativ bankçılıq, kart biznesi yaxın dövrlər üçün prioritet istiqamətlərimizdir.
Əlbəttə ki, bunlardan bəziləri, məsələn, pərakəndə və korporativ bankçılıq, kart biznesi hər zaman bizim üçün ön planda olub. Sadəcə yenilənmiş strategiya ilə bu istiqamətlərə fərqli yanaşacaq, dövrün yeniliklərini, rəqəmsal bankçılıq meyarlarını tətbiq etməklə müştərilərə daha sürətli və rahat bankçılıq xidmətləri təqdim edəcəyik.
Bunlarla yanaşı, rəqəmsal bankçılıq xidmətlərimizi daha da inkişaf etdirəcəyik. Çünki rəqəmsal platformalara keçid bir çox cəhətdən təbiətin resurslarına qənaət etməyə böyük dəstəkdir.
- Deyə bilərikmi ki, yeni strategiyası ilə Bank of Baku müştərilərinə həm yaxın bankçılıq, həm də yaşıl bankçılıq xidməti göstərəcək?
Bəli, doğru qeyd edirsiniz. Yaxın bankçılıq şüarımız toxunulmazdır, hər zaman olduğu kimi qalacaq. Lakin insanlığa və dünyaya fayda vermək, təbiətin ehtiyatlarını qorumaq üçün mümkün olan addımları atmaq da hər birimizin borcudur.
Bildiyiniz kimi bu mövzuya qlobal və ölkə səviyyəsində xüsusi diqqət ayrılıb. Cənab Prezident İlham Əliyev tərəfindən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub, eləcə də 2030-cü ilədək sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər sənədində 5 prioritetdən biri təmiz ətraf mühit və yaşıl artım ölkəsi olaraq müəyyən edilib.
Biz də korporativ sosial məsuliyyətini dərk edən bank olaraq istər bankdaxili, istər müştərilərlə olan fəaliyyətimizdə ESİ (Ekoloji, Sosial, İdarəetmə) amilləri hədəflərimiz arasındadır. Ətraf mühitin mühafizəsinə, yaşıllıqların qorunmasına, iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş müxtəlif layihələrlə ölkəmizdə aparılan maarifləndirmə işlərinə dəstəyimizi göstərəcəyik.
- Ətraf mühitin mühafizəsi məqsədilə Bank of Baku-da hansı işlər artıq görülüb?
Belə ki, “Dəyişiklik üçün öncə özündən başlamalı” fikrini əsas tutaraq ilk növbədə bank daxilindəki fəaliyyətimizi müasir sistemlərin köməyilə rəqəmsallaşdırmışıq. Bu da sənədləşmə işlərində kağız daşıyıcılardan istifadənin azaldılmasına əsaslı təsir göstərib.
Müştərilərimizi onlayn bankçılıq xidmətindən, “Dostbank” mobil tətbiqindən istifadəyə təşviq etməklə nəinki onların rahatlığına nail olmuş, eyni zamanda kağız istifadəsini azaltmışıq.
Ağacları qorumaq üçün müqavilələrimizi də onlayn formada təqdim edir, onlayn kreditlərin payını artırır, eləcə də ATM-lərdə çeksiz istifadəni təklif edirik.
Hətta kommunikasiya layihələrimizdə də təbiətə daha yaxın olmaq, eləcə də yaşıl dünya naminə həmrəylik nümayiş etdirmək üçün daha çox ekoloji mövzuya yer ayırmışıq. Həm cəmiyyətimizə faydalı və maraqlı, həm də Bank of Baku ailəmizə, yəni əməkdaşlarımıza yönəlik aktivliklər planlaşdırmışıq.
Son nəticədə bir ağacı belə qorusaq, təbiətə fayda verərik, lakin məqsədimiz və hədəfimiz ətraf mühitin qorunması yolunda daha böyük addımlar atmaqdır.
- Həmin addımlar, yəni planlaşdırdığınız ekologiya yönümlü layihələr barədə məlumat verə bilərsinizmi?
Əlbəttə! Başladığımız yolda irəliləmək üçün planlarımız çoxdur. Layihələrimizi müxtəlif istiqamətlərdə quraraq həm maarifləndirmə işlərinə dəstəyimizi göstərəcək, həm də yaşıl dünya ilə əlaqədar aksiyalar təşkil edərək təbiətə öz töhfəmizi verəcəyik.
Məsələn, kağızların təkrar emalı ilə ağacların qorunmasına çalışacaq, alternativ enerjindən istifadəyə diqqət çəkəcək, gələcəyimiz olan uşaqların, gənclərin maarifləndirilməsi yolunda addımlar atacağıq.
Əlimizdəki bütün resursları səfərbər edərək əməkdaşlarımızı, müştərilərimizi, səsimiz çatacaq hər kəsi təbiəti qorumağa səsləyəcəyik. Hətta bəzi layihələrdə məqsədimizə çatmaq üçün müştərilərimizlə birgə çalışacağıq.
- Rəqəmsal bankçılıq da təbiətin mühafizəsi üçün önəmli resurslardandır.
Bəli, rəqəmsal bankçılıqdakı imkanları, bu istiqamətdəki xidmətləri daha da genişləndirmək yaxın dövr hədəflərimiz arasındadır.
Artıq müştərilərimiz filiallara gəlmədən bir çox əməliyyatları onlayn şəkildə icra edə bilirlər. Kreditlərin sifarişi, kredit və ya debet kartların sifarişi, kredit ödənişləri, pul köçürmələri, hesab əməliyyatları və s. kimi bank xidmətləri qısa vaxtda və rahat şəkildə yerinə yetirilir.
Rəqəmsal bankçılıqdakı imkanların artımı ilə mövcud müştərilərimizlə əlaqələrimizi daha da sıxlaşdırır, cari və gələcək müştərilərimiz üçün komfortlu xidmət sahələri yaradır, ən əsası isə təbiəti qorumaq yolunda addımlar atırıq.
Ümumiyyətlə, bir hədəfə çatmaq üçün öncə yanaşma olmalıdır ki, biz bu mərhələni artıq adlamışıq. Növbəti addım bu yanaşma ilə qurduğumuz planları reallaşdırmaqdır ki, planların da icrası artıq başlayıb. Gedişat barədə isə hər zamanki kimi sizin, yəni medianın köməyi, eləcə də rəsmi saytımız və sosial media kanallarımız vasitəsilə cəmiyyətimiz məlumatlandırılacaq.
Yaxın zamanlarda strategiyalarımızla bağlı yenidən görüşəcəyik.
- Müsahibə üçün təşəkkür edirik!
Bizi sosial şəbəkələrdən izləyin!!