Bank loqoları hansı mesaj daşıyır? | Banco.az

Bank loqoları hansı mesaj daşıyır?

Loqotiplərin hazırlanmasının mühüm hissəsini rəng seçimi təşkil edir. Yaxşı seçilmiş rəng şirkətin fəaliyyət sferası, eləcə də onun hədəf kütləsinə çatdırmaq istədiyi mesajı düzgün əks etdirməlidir. Qeyd etmək lazımdır ki, rəngarəng loqolar nəinki az yadda qalır, həm də qıcıqlandırıcı effekt verə bilir. Bu zaman rənglərin harmoniyası vacib amil kimi çıxış edir. Yaxşı logolarda əsasən rənglərin sayı ikidən çox olmur, lakin bu zaman da rənglərin uyğun olmasını yaddan çıxarmaq olmaz.

Bildiyimiz kimi, rənglərlə insan psixikasına təsir etmək olar. Bəs loqoların rəngləri şirkətlər haqqında hansı informasiyanı verir?

Göy – bir çox hallarda şirkətlər göy rəngə üstünlük verirlər. Bunun bir sıra səbəbləri var. Bu rəng hökmranlıq, etibarlılıq və inamla assosiasiya olunur və digər rənglərdən fərqli olaraq neqativ təsir bağışlama ehtimalı yoxdur. O, sakitlik, nizam-intizam və səbri simvolizə edir. Azərbaycan banklarının əksəriyyəti öz logolarında göy rəng və onun tonlarına üstünlük verirlər.

Qırmızı – güclü emosiyalar bəxş edən dinamik və intensiv rəngdir. Ayrı-ayrı xalqlarda müxtəlif mənalara gəlsə də, əsasən sürət, güc, aktivlik, həyat enerjisi, uğur əldə etməyə və qalib olmağa hərisliyi simvolizə edir. Qırmızı rənglə tandem təşkil edəcək başqa rənglərlə birlikdə istifadə olunması daha məqsədəuyğundur. Bu rəngdən əsasən lider, özünə güvənən, artıq formalaşmış brendlər və ya sürətlə inkişaf edən şirkətlər istifadə edir. Rənglər arasında ən güclü təsirə malik olan da qırmızı rəngdir.

Yaşıl – həyatı və yeniliyi ehtiva edir. Yaşıl rəng bəzən, paxıllıq və təcrübəsizlik anlamına gəldiyi üçün onu ehtiyatla istifadə etmək lazımdır. Yaşıl rəngin istifadə olunduğu loqotiplər insanlarda təravət hissi yaradır və əsasən ekologiya ilə bağlı şirkətlər tərəfindən çox istifadə olunsa da, Azərbaycan banklarından bir neçəsi bu rəngə üstünlük verirlər. Belə ki, yaşıl rəng həm də təhlükəsizlik, daima irəli hərəkətlə assosiasiya olunduğundan, insanlarda şirkət haqqında inkişaf, təbiilik, ədalət effekti yarada bilir.

Ən sərfəli kredit üçün müraciət et

Narıncı  – sarı və qırmızı rəngin qarışığından yarandığından əsasən diqqət çəkmək üçün istifadə olunur. İnsanlarda kreativlik, entuziazm və əyləncə effekti yaratmaq üçün istifadə olunur və mahiyyət etibarilə gəncliyi və onların daima hərəkətdə olan, qaynayan enerjilərini əks etdirir.

Bənövşəyi – intellekt, dini inanc, nostalji, zadəganlıq və kübarlığı simvolizə edir və özündə sirr və zəriflik daşıyır. Qırmızı və göy rəngin qarışığından yarandığından istilik və soyuğun tandemini ehtiva edir və əsasən melanxolik təsir bağışlayır. Bənövşəyi rəng çox nadir hallarda dizaynerlər tərəfindən loqotiplərdə istifadə olunur və əgər istifadə olunursa da, onda başqa rənglərlə birlikdə. Azərbaycanda yalnız Kredo Bank bənövşəyi rəngdən loqotipində istifadə edir. 

Göy-yaşıl – loqotiplərdə az istifadə olunan daha bir rəng. Bu rəng sakitləşdirici effektə malik olsa da, yaşıl rəngin çalarları loqotipə canlılıq verir və əsasən tibb müəssisələri tərəfindən istifadə olunur. Azərbaycanda Bank Technique rebrendinq çərçivəsində öz loqotipinin hazırlanmasında bu rəngə üstünlük vermişdir.

Qəhvəyi – geniş yayılmasına baxmayaraq, loqotiplərdə nadir hallarda istifadə olunur. İsti rəng olub, diqqəti bir o qədər çəkməsə də, insanlarda sadəlik və harmoniya hissi yaradır. Əsasən konservativ, həyatlarında dəyişikliyi sevməyən insanların seçimidir. Eyni zamanda, sükunəti simvolizə edən qəhvəyi rəng, ciddilik və məsuliyyəti ehtiva edir. Bu səbəbdən də şirkətlər tərəfindən güvən hissi yaratmaq məqsədilə istifadə olunur.

Qara – loqotiplərdə hakmiyyəti simovlizə edir və şirkətin nüfuzunun göstərməyə xidmət edir. Qara rəngin loqotipdə istifadəsi şirkətin bazardakı inamlı mövqeyinə işarədir. Loqotiplərdə ən çox istifadə olunan rənglərdəndi. Əsasən digər rənglərlə birlikdə istifadə olunur. Klassiklik, konservastivlik, sirr, nizam-intizam, hakimiyyət və eleqantlıq rəmzidir. Azərbaycanda bir sıra banklar – AGBank, Bank Silk Way başqa rənglərlə birlikdə qara rəngdən də istifadə ediblər. 

Ən sərfəli krediti almaq üçün müraciət et